Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Cəfərov/
İranlı velosipedçi İrəc Roğənçi İran-Azərbaycan-Rusiya-Qazaxıstan-Türkmənistan-İran marşrutu üzrə Xəzəryanı ölkələrə veloyürüş həyata keçirir.
İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, İ.Roğənçi veloyürüşə "Bir dəniz, beş dost xalq və əbədi sülh" şüarı ilə may ayının 11-də Tehrandan başlayıb və hazırda Bakıdadır.
İran Velosipedçilər Federasiyasının müəllimlərindən olan İrəc Roğənçi Trend-ə açıqlamasında deyib: "Veloyürüşü həyata keçirməkdə məqsədim budur ki, beş ölkə bir-biri ilə dost olsunlar və vahid olaraq həmin ölkələr üçün misilsiz təbiət bəxş edən Xəzər dənizini qorusunlar".
O, əlavə edib ki, Bakıda Şəhidlər xiyabanını və Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra veloyürüşünə davam edəcək.
İrəc Roğənçi İranın Alpinizm və Velosipedçilər federasiyalarında müəllim işləyir. O bundan öncə də İranın daxilində bir neçə veloyürüş keçirib.