...

Azərbaycan təmsilçisi Bolqarıstanda kartinq üzrə çempionatın finalına vəsiqə qazanıb (FOTO)

İdman Materials 8 İyun 2014 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend /

İyunun 7-də kartinq üzrə 2014-cü il Bolqarıstan çempionatının təsnifat mərhələsi keçirilib.

Trend Azərbaycan Avtomobil Federasiyasına istinadən xəbər verir ki, Bolqarıstanın Köstəndil şəhərində təşkil olunan bu yarışda Azərbaycanı təmsil edən Gülhüseyn Abdullayev "DD2" kateqoriyasında bir dövrəni 46,771 saniyə, 80,434 km/s sürətlə başa vuraraq çempionatın final mərhələsinə keçib.

İyunun 8-də keçiriləcək finalda təmsilçimiz Gülhüseyn Abdullayev Bolqarıstandan olan Simeon Simeonov, Vasil Kolarov, İvaylo Donçevlə "DD2" kateqoriyasında yarışacaq.

Qeyd edək ki, 17 yaşlı Gülhüseyn Abdullayev kartinq üzrə Bolqarıstan çempionatının 2014-cü ilin may ayında Yunanıstanın Seres şəhərində keçirilmiş ilk mərhələsində 3-cü yeri tutub. Kartinq üzrə Azərbaycan və Türkiyə çempionu olan Gülhüseyn Abdullayev 2013-cü ilin noyabrında ABŞ-ın Nyu-Orlean şəhərində keçirilmiş "Rotax Max Challenge Grand Finals" dünya çempionatında iştirak edərək bu avto yarışda ilk dəfə Azərbaycanın bayrağını yüksəldib.

Xatırladaq ki, yeni istiqamətlər müəyyənləşdirən Azərbaycan Avtomobil Federasiyası, avtomobil idmanı üzrə idmançıların hazırlıqları və təlimlərinə, müxtəlif yarışlarda iştirakına dəstək verərək, həmçinin bu sahənin inkişaf etdirilməsi üzrə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti