...

İlk Avropa Oyunları Yaxın Şərqin və Şimali Afrikanın 20 ölkəsində yayımlanacaq

İdman Materials 14 Oktyabr 2014 15:04 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları qürur hissi ilə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU) ilə müqavilə imzaladığını elan edir.
İlk Avropa Oyunları Yaxın Şərqin və Şimali Afrikanın 20 ölkəsində yayımlanacaq

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Bakı 2015 Avropa Oyunları qürur hissi ilə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU) ilə müqavilə imzaladığını elan edir.

BAOƏK-dan Trend-ə verilən məlumata görə, bu mühüm müqaviləyə əsasən, ilk Avropa Oyunları Yaxın Şərqin və Şimali Afrikanın 20 ölkəsində yayımlanacaq.

Müqaviləyə görə, Ərəb Dövlətlərinin Yayım Birliyi ona üzv olan yayım şirkətlərinə 17 gün davam edəcək yarışların pulsuz, canlı, Ərəb dilində tam şərhlərlə görüntülərini və lent yazılarını təqdim edəcək.

İmzalanmış müqaviləyə əsasən Oyunlar Əlcəzair, Bəhreyn, Cibuti, Misir, İraq, İordaniya, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, Oman, Qatar, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndə yayımlanacaq.

Bakı 2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirmişdir: "Bu, Bakı 2015 Avropa Oyunları üçün çox əhəmiyyətli bir məqamdır və biz Yaxın Şərq və Şimali Afrika regionu üzrə yayım bölgəsini əhatə edən Ərəb Dövlətləri Yayım Birliyi ilə müqavilə imzalamaqdan qürur hissi duyuruq.

Müqavilə, Avropa Oyunlarına dünya miqyasında artmaqda olan marağın bilavasitə təzahürüdür və biz əminliklə deyə bilərik ki, bu istiqamətdə daha çox müqavilələr imzalamaqla Avropa Oyunları tam şəkildə global auditoriyanın diqqətini çəkəcəkdir".

Olimpiya Oyunlarını yayımlama hüququna sahib olan Ərəb Dövlətləri Yayım Birliyi uzun müddətdir ki, ona üzv olan yayım şirkətlərinə yüksək keyfiyyətli idman görüntüləri təqdim edir. Şirkət London 2012 Olimpiya Oyunlarını yayımlama hüququna malik olub və regionda Rio 2016 Olimpiya Oyunlarını da yayımlayacaq.

Ərəb Dövlətləri Yayım Birliyinin baş direktoru Salah Eddine Maaoui demişdir: "Bakı 2015 ilə bu mühüm müqaviləni imzalamaq bizim üçün böyük şərəfdir. İlk Avropa Oyunları bütün Ərəb ölkələrindəki azarkeşlər üçün böyük idman bayramı olacaq. Biz bu tarixi hadisəni və həyəcanlı yarışları yayımlamağı səbirsizliklə gözləyirik".

Ərəb Dövlətləri Yayım Birliyi Bakı 2015 Avropa Oyunlarının əsas yayımçısı olan Beynəlxalq İdman Yayımları (ISB) ilə sıx əməkdaşlıq edərək fəaliyyətlərini Bakıda yerləşən komandaları vasitəsilə həyata keçirəcəklər.

Bakı 2015-in Açılış və Bağlanış Mərasimlərinin də canlı yayımı şirkət ilə razılaşdırılıb.

Yayım üzvləri tamaşaçılara Avropa Oyunlarının geniş təqdimatını həyata keçirmək üçün rəqəmsal platformalar vasitəsilə də fəaliyyət göstərəcəklər.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU) ən qədim ümum-Ərəb təşkilatlarından biridir. Təşkilat öz yayım üzvlərinə və digərlərinə mühəndislik və konsaltinq, radio və televiziya xəbərləri, proqramlaşdırma və idman, həmçinin radio və televiziya təlimləri kimi mühüm sahələrdə xidmətlər göstərir.

Ərəb Dövlətlərinin Yayım Birliyi öz yayım üzvləri üçün bir sıra yarışlarda və idman tədbirlərində güzəştli şərtlərlə yayım hüququ əldə etməklə yanaşı, belə tədbirlərin müvafiq formada yayımını da təmin edir.

Beynəlxalq arenada Ərəb Dövlətlərinin Yayım Birliyi güclü professional əlaqələri olduğu regional və beynəxalq təşkilatlar arasında unikal yerə sahibdir.

Ərəb Dövlətlərinin Yayım Birliyi Dünya Yayım Birliyinin (WBU) çox fəal üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti