...

Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar beynəlxalq turnir keçirilir

İdman Materials 4 May 2015 14:54 (UTC +04:00)
Mayın 3-də Xaçmaz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilib.
Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar beynəlxalq turnir keçirilir

Azərbaycan, Bakı, 4 may /Trend/

Mayın 3-də Xaçmaz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirə 5 ölkədən 80-a yaxın idmançı qatılıb.

Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov çıxış edərək, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarışın artıq ənənəvi olaraq hər il keçirildiyini qeyd etdi. Bildirildi ki, son illər Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi respublikamızı dünyada idman ölkəsi kimi tanıdıb. İyun ayında isə bütün dünyanın diqqəti bir daha ölkəmizə yönələcək. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında 6000-dən çox avropalı idmançı qüvvəsini sınayacaq.

Daha sonra Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı yarışda iştirak edən həm yerli, həm də qonaq idmançılara uğurlar arzulayıb. Beynəlxalq yarışın yığma komandamızın formalaşmasında böyük əhəmiyyət daşıdığını vurğulayan federasiya nümayəndəsi üzgüçülərimizin turnirdə yaxşı nəticələrə iddialı olduğunu bildirdi.

Açılış mərasimində çıxışlardan sonra yerli mədəniyyət xadımlərinin milli rəqslər və musiqi proqramı tədbirə rəng qatdı.

Tədbirin bədii hissəsi başa çatdıqdan idmançılar mübarizəyə başlayıb. Turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar yarışırlar. Azərbaycan komandası birinciliyə 38 idmançı ilə qatılıb ki, onların da 12-si birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək. Gürcüstan 20, Qazaxıstan 10, Qırğızıstan 10, Rusiya komandası isə 4 üzgüçü ilə medallar uğrunda mübarizə aparır. İdmançılar 50, 100, 200 və 400 metr məsafələrdə sərbəst və qarışıq, batrfley və estafet üsullarında üzmədə güclərini sınayacaqlar.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən beynəlxalq turnirə mayın 6-da yekun vurulacaq və turnirin qalibləri Azərbaycan Üzgüçülük Federasiyasının təsis etdiyi medallar və diplomlar, eləcə də qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti