...

Rauf Məmmədov: “Dünya Kuboku şahmatçılarımız üçün böyük şansdır”

İdman Materials 1 Sentyabr 2015 09:46 (UTC +04:00)
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Rauf Məmmədov mötəbər yarışla bağlı fikirlərini bildirib.
Rauf Məmmədov: “Dünya Kuboku şahmatçılarımız üçün böyük şansdır”

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Rauf Məmmədov mötəbər yarışla bağlı fikirlərini bildirib. Trend-in məlumatına görə, mətbuata açıqlamasında Məmmədov şahmatçılarımızın yarışda yaxşı nəticə göstərməyə çalışacağını deyib: "Azərbaycanda keçirilən bütün yarışlar yüksək səviyyədə təşkil olunur. Bu mənada əminəm ki, şahmat üzrə Dünya Kubokunun təşkilatçılığı hamını razı salacaq. Bir neçə gündən sonra Bakıda Dünya Kuboku, gələn il isə şahmat olimpiadası keçiriləcək. Sözsüz, şahmatsevərlər bizdən yaxşı nəticə gözləyir. Buna görə hər birimiz yaxşı nəticə uğrunda mübarizə aparacayıq.

Azərbaycan Dünya Kubokunda ilk dəfə 6 şahmatçıyla təmsil olunacaq.

R.Məmmədov deyib ki, bu sayda heç vaxt iştirakçımız olmayıb: "Ona görə şahmatçılarımız üçün yaxşı şansdır. Özümüzü yaxşı tərəfdən göstərməliyik. Ümid edirəm nəticə baxımından fərqlənəcəyik. Mənim fikrimcə Dünya Kubokunda favorit olmur. Reqlament hər bir şahmatçıya rahat oynamağa və hətta sürpriz etməyə imkan verir. Dünya Kubokunda iştirak edən 128 şahmatçıdan əksəriyyəti turnirin qalibi olmaq imkanına malikdir. Bu mənada reytinq favoritlər hər zaman proqnozu doğrultmur.

Dünya Kuboku ərəfəsində millimizin kapitanı Aleksandr Xalifmanla təlim-məşqdə iştirak edəcəyik. Püşkə əsasən ilk mərhələlərdə nisbətən güclü rəqiblərlə mübarizə aparacayıq. Bununla belə sona qədər oynamaq fikrindəyəm. 2015-ci ildə klassik şahmatda 80 partiya oynamışam. Dünya Kubokunda da mümkün qədər çox oyun keçirmək niyyətindəyəm. Proqnoz verməyəcəm, amma imkan daxilində irəli getmək istəyirəm.

Dünya Kuboku yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üçün xüsusi önəm daşıyır. Çünki, finalçılar dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Son illər Azərbaycan bir qayda olaraq iddiaçılar turnirində təmsil olunub. Ümid edirəm yeni mövsüm də belə olacaq".

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku-2015 sentyabrın 10-da start götürəcək. İlk turlar sentyabrın 11-də oynanılacaq. Partiyalar Fairmont otelində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti