Bakı. Trend:
ABŞ-ın Massaçusets ştatının mərkəzi Boston şəhərində qılıncoynatma üzrə qran-pri yarışı keçirilib.
Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, dekabrın 12-13-də baş tutan yarışda Azərbaycanı məşqçi Fikrət Vəliyevin yetirmələri olan sablyaçılarımız Səbinə Mikina, Sevil və Sevinc Bünyadova bacıları təmsil edib.
2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya xalları verən yarışda S.Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə çalıb.
1/64 finaldan yenidən mübarızəyə qoşulan S.Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub.
Beləliklə, S.Mikina 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak etmək imkanlarını artırıb. S.Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək.
Qeyd edək ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının keçirdiyi Qılıncoynatma üzrə 45-ci Dünya Çempionatı 2015-ci ilin oktyabrında başlayıb və 2016-cı ildə Rio-de-Janeyroda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında yekunlaşacaq.