Bakı. Trend:
Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda yüksək yerlər uğrunda mübarizə aparacağıq. Bunu Trend-ə müsahibəsində azərbaycanlı gimnast Yuliya İnşina deyib.
Onun sözlərinə görə, hazırlıq normal gedir: "Hələ yüz faiz tam hazır deyilik, lakin vaxt var. Tezliklə yarış meydançasına çıxacağıq və orada alətlərimizi sınaqdan keçirəcəyik. Fikrimcə, hər şey yaxşı olacaq".
O qeyd edib ki, Milli Gimnastika Arenası çoxdan turnirin keçirilməsinə hazırdır: "Arena artıq çoxdan hazırdır, tamaşaçıları, bizi və qonaqları gözləyir. O, istənilən turnirə ev sahibliyi etməyə hazırdır".
Gimnast əlavə edib ki, Dünya Kubokunda əsas hədəf finallara çıxmaq və orada yüksək yerlər uğrunda mübarizə aparmaqdır.
Qeyd edək ki, FIG "Challenge" seriyalı idman gimnastikası üzrə Dünya Kuboku yayda İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında 19-21 fevral tarixlərində keçiriləcək. Kubokun finallarında 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə yarışlarda 19 ölkəni təmsil edən 146 idmançı iştirak edəcək. İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.
Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.
Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcəklər.