Bakı. Trend:
"Qarabağ" ilk dəfə olaraq ən güclü 100 klubun siyahısına düşüb.
Trend-in məlumatına görə, ötən gün Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabı ilə məğlub edən "Qarabağ" UEFA klubların reytinq cədvəlində 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb.
Beləliklə, Ağdam təmsilçisi ilk "100-lük"də qərarlaşan ilk Azərbaycan komandasıdır.
Qeyd edək ki, PAOK-u səfərdə 1:0 hesabı ilə məğlub edən "Qarabağ" bir sıra rekordlara imza atıb. Komanda Avropa Liqasının qrup mərhələsində 2 qələbə qazanan, eyni zamanda 7 xal toplayan yeganə Azərbaycan klubudur.
Ağdam təmsilçisi eyni mövsümdə qrup mərhələsində 6 qol vurmaqla da öz rekordunu təzələyib.