...

"Bakı-2017": "Xəzərdən başlayan səyahət" Şirvana yetişib

İdman Materials 12 Aprel 2017 11:54 (UTC +04:00)
Xəzər dənizindən start götürən "Bakı - 2017" ümumxalq səyahət turu ötən gün Şirvana yetişib.
"Bakı-2017": "Xəzərdən başlayan səyahət" Şirvana yetişib

Bakı. Trend:

Xəzər dənizindən start götürən "Bakı - 2017" ümumxalq səyahət turu ötən gün Şirvana yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Şirvanda Kür çayının üzərində salınan dəmiryolu körpüsü ətrafında tədbir keçirilib. 906 kilometri Azərbaycan ərazisindən keçən Kür Azərbaycanın ən uzun çayıdır. Onun üzərində ilk taxta körpü 1917-ci ildə məhz Şirvanda tikilib.

Su mərasimi, şahmat həvəskarı Səma Əliyeva, taekvondo üzrə Azərbaycan Çempionatının 3-cü yer mükafatçısı Arif Şükürov və sərbəst güləş üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi İsmayıl Həşimov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirilib. Sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib.

Bakıdan səyahətə başlayan səhəng mayın 12-də "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Şirvan Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys – Regional idman tədbiri” keçirilib. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqədə İslam Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov də iştirak ediblər. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri "Mirvari" rəqs qrupu, əməkdar artisti Afaq Abbasova və Sabit Abdullayevin ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alılbar. Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən taekvondo üzrə Azərbaycan Çempionatının 3-cü yer mükafatçısı Arif Şükürov deyib: “"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları adından da göründüyü kimi, müsəlman dünyasının bir araya gəlməsinə, həmrəy olmasına, bir-birinə dəstək olmasına xidmət edir, sülh şəraitində yaşamağın önəmini təcəssüm etdirir”.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı aprelin 13-də Sabirabad rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Qeyd edək ki, "Bakı -2017" İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti