Bakı. Tural Turan - Trend:
Libertadores kubokunun sahibi “River Pleyt” Klublararası Dünya Çempionatının yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Əl Ayn” klubu ilə qarşılaşıb. Trend-in məlumatına görə, oyunun əsas vaxtı heç-heçə başa çatıb – 2:2.
3-cü dəqiqədə Markus Berq ərəb klubunu hesabda irəli çıxardıb – 0:1. Lakin Borre 11 və 16-cı dəqiqələrdə qol vurmaqla hesabı “River Pleyt”in xeyrinə dəyişib. 51-ci dəqiqədə Kayo oyunda tarazlığı bərpa edib.
Oyunun əsas vaxtına əlavə olunmuş 2 taymda da hesab dəyişməyib. Matç sonrası penalti zərbələrində isə “Əl Ayn” daha dəqiq olub – 4:5. Sonuncu zərbəni “River Pleyt”in futbolçusu E.Peres qola çevirə bilməyib.
Bununla da “Əl Ayn” klubu finala vəsiqə qazanıb. Bu gün keçiriləcək “Kaşima Antlers” – “Real Madrid” yarımfinal matçının qalibi finalda “Əl Ayn” klubu ilə qarşılaşacaq. Final matçı 22 dekabrda keçiriləcək.
Xatırladaq ki, turnirin hazırki qalibi Madridin “Real” komandasıdır.