...

Karateçilərimiz İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

İdman Materials 14 May 2019 14:29 (UTC +04:00)
Karate üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Karateçilərimiz İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

Bakı. Trend:

Karate üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamız Dünya Karate Federasiyasının (WKF) Karate1 Seria A turnirində qüvvəsini sınayacaq.

Mayın 17-19-da baş tutacaq yarışda milli komandanın əsas və əvəzedici üzvləri mübarizə aparacaqlar. Kumite üzrə kişilərin baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev və Vüsal Kamallı (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), həmçinin Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) yer alıb.

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova, Aytac Əliyeva (55 kq), İrina Zaretska, Zamira Rizayeva (68 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxışına üstünlük verib.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov və Neda Rezainin yarışa qatılmasını məqbul sayıb. Komanda kata turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev çıxış edəcək.

İstanbulda liqa turnirinə yollanan heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir. Beynəlxalq hakimlər Cahangir Babayev heyətdə də yer alıb. Milli komandanın idmançılarından başqa klub idmançıları da yarışda özlərini sınayacaqlar.

Qeyd edək ki, Karate1 Seriya A turnirin İstanbul mərhələsinə 101 ölkədən 1813 idmançı mübarizə qatılacaq. Nəticələr karateçilərin dünya və olimpiya reytinq cədvəlinə təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti