Bakı. Trend:
Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edən xarici gimnastlar ənənəvi “Azərbaycan dili dərsləri” layihəsində iştirak ediblər.
Bununla bağlı hazırlanmış videoçarxda gimnastlar Bakını salamlayır, şəhərin gözəlliyindən və sakinlərin qonaqpərvərliyindən danışır, Milli Gimnastika Arenasında çıxış etməkdən məmnun olduqlarını qeyd edirlər.
Trend həmin videonu oxuculara təqdim edir.
Qeyd edək ki, mayın 24-də Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.
Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Bu gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.