Bakı. Humay Ağacanova - Trend:
İşğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq idman yarışı təşkil edilib.
Trend-in məlumatına görə, əlillər arasında qılıncoynatma üzrə yarışların yarımfinal və final mərhələsi bu gün Ağdamda keçiriləcək. Yarışlarda məhz Qarabağ qaziləri iştirak edir.
“Zəfər kuboku” adlanan yarış 8 Noyabr-Zəfər gününə həsr olunub.
Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə Bakıdan Ağdama gələn nümayəndə heyətinin üzvləri əvvəlcə Ağdam Cümə məscidində namaz qılıblar.
Dörd qazinin iştirak edəcəyi final oyunu İmarət stadionunda keçiriləcək.
Yarışın qaliblərinə 2024-cü ildə Fransada keçiriləcək Yay Paralimpiya oyunlarında iştirak etmək üçün hazırlaşmaq imkanı da yaradılacaq.