Bakı. Trend:
Trend Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən İsrailin akrobatika üzrə kişilərdən ibarət milli komandasının məşqçisi Amir Mozes ilə müsahibəni təqdim edir:
- Azərbaycana xoş gəlmisiniz. Komandanızın heyəti barədə
məlumat verərdiniz.
- Komandamızın heyətində 7 gimnast yer alıb. Kişilərdən ibarət qrup
komandası və bir üçlük - 4 kişi və 3 qadın. Biz burada Dünya
Oyunlarına hazırlaşırıq.
- Komandanızın hazırlıq prosesi necə gedir?
- Dünya Oyunları bizim üçün böyük idman tədbiri hesab olunan ciddi
bir yarışdır. Buraya ona görə gəlmişik ki, şərait çox yaxşıdır.
Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının baş
məşqçisi İradə Qurbanova hazırlıqla bağlı bizə çox kömək göstərir.
Arenada qalaraq zalın daxilində mövcud olan bütün avadanlıqlardan
istifadə etmək, xüsusilə də, yerli məşqçilərin bizə dəstək olması
bizim üçün həqiqətən çox faydalıdır.
- Dünya Oyunlarında əsas rəqibləriniz kimlər
olacaq?
- Bizim yarışda əsas rəqiblərimiz Belçika, Böyük Britaniya və
Ukrayna komandaları olacaq. Hazırda dünyada bütün kişi qrupları çox
güclüdür və bu baxımdan rəqabət çox güclü olacaq.
- Milli Gimnastika Arenası və paytaxtımızla bağlı
təəssüratlarınızı bilmək istərdik.
- Təəssüratlarım çox yaxşıdır. Yeni tikilən zala ilk dəfədir ki,
gəlmişik. Əvvəllər burada mövcud olan müvəqqəti quraşdırılmış
köməkçi zalda məşq edirdik. Yaradılan şəraiti çox bəyənirik.
İstirahət günümüzdə şəhər mərkəzinə getdik. Şəhər gəzintisindən
böyük zövq aldıq. Həmçinin sizin gimnastlarınız da bizə qoşuldu və
birlikdə əyləncəli vaxt keçirdik.