...

İdman gimnastikası üzrə dünya kubokunda rekord sayda ölkə iştirak edir - Elnur Məmmədov

İdman Materials 9 Mart 2023 11:57 (UTC +04:00)
İdman gimnastikası üzrə dünya kubokunda rekord sayda ölkə iştirak edir - Elnur Məmmədov

Bakı. Trend:

İdman gimnastikası üzrə dünya kubokundakı iştirakçı sayı ölkəmizdə gimnastika növləri üzrə keçirilən Dünya kubokları tarixində iştirakçı ölkə sayına görə rekord göstəricidir.

Trend-in məlumatına görə, bunu bu gün Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimində deyib.

E.Məmmədov xatırladıb ki, idman gimnastikası üzrə dünya kuboku ölkəmizdə artıq yeddinci dəfədir ki, təşkil olunur.

2016-cı ildə Bakıda ilk dəfə olaraq, bu növ üzrə Dünya “Challenge” Kuboku, “AGF Trophy”, 2017-ci ildən etibarən isə Dünya kubokları ənənəvi olaraq uğurla keçirilir.

"Ölkəmizdə kişi idman gimnastikasının inkişafi Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulduğu 2002-ci ildən, qadın idman gimnastikasının isə 2013-cü ilin sonunda bərpa edilib.

Ötən illər ərzində idman gimnastikası növündə bir sıra uğurlar əldə edilib. Təmsilçilərimiz London-2012, Rio-2016, Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil olunub, Avropa və dünya çempionatlarında mükafatçılar sırasında yer alıblar.

2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında bu növ üzrə 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanılıb", - şöbə müdiri vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, idman gimnastlarımız 2017-ci ildə ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında 5 qızıl, 5 gümüş, 2 bürünc, 2022-ci ildə Türkiyədə keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər.

"Təmsilçimiz ötən il gimnastika tariximizdə ilk dəfə qadınlar arasında Avropa Gənclər Yay Olimpiya Festivalında və Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb.

Bu gün ölkəmizdə idman Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub.

Hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın gimnastikanın inkişafına verdiyi önəmin nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizdə təşkil olunan dünya kubokunda Azərbaycanla yanaşı, 48 ölkədən 173 gimnast çıxış edəcək. Onu da bildirmək istərdim ki, bu, ölkəmizdə gimnastika növləri üzrə keçirilən Dünya kubokları tarixində iştirakçı ölkə sayına görə rekord göstəricidir.

Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarına uğurlar arzulayırıq", - E.Məmmədov qeyd edib.

Qeyd edək ki, martın 9-da Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarına start veriləcək.

9-12 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycanı Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edəcəklər.

Bakıda dörd gün davam edəcək Dünya Kuboku yarışlarının ilk iki günündə təsnifat mərhələləri, qalan günlərdə isə fərdi alətlər üzrə hərəkətlərdə qalib və mükafatçıların müəyyənləşəcəyi final mərhələləri keçiriləcək.

Həmçinin, dörd gün davam edəcək yarışın nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlara ənənəvi "AGF Trophy" kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti