...

Finalda proqramı mürəkkəbləşdirə bilərik - gimnastımız Nazənin Teymurova

İdman Materials 10 Mart 2023 19:23 (UTC +04:00)
Finalda proqramı mürəkkəbləşdirə bilərik - gimnastımız Nazənin Teymurova
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Məşqçim ilə danışacam, finalda proqramı mürəkkəbləşdirə bilərik.

Bu barədə Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunun iştirakçısı, Azərbaycan idmançısı Nazənin Teymurova deyib.

Xatırladaq ki, N.Teymurova Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda sərbəst hərəkətlər üzrə proqramda finala yüksəlib. O, təsnifat mərhələsində 12,566 xal toplayaraq beşinci yerdə qərarlaşıb.

"Məşqçi və mən təsnifat mərhələsindəki nəticədən o qədər razı qaldıq ki, duyğuları sözlə ifadə etmək mümkün deyil. Etiraf edirəm, kifayət qədər “təmiz” çıxış etmədiyim üçün finala gedəcəyimi gözləmirdim. Amma finalçılar arasında olduğumu biləndə çox sevindim", - deyə gimnastımız bildirib.

Nazənin Teymurova Dohada (Qətər) keçirilən Dünya Kubokunda təsnifat mərhələsində də beşinci yeri tutaraq finala yüksəldiyini vurğulayıb:

"Dünya Kubokunun mərhələləri bir-birinin ardınca gedir, əvvəlcə Kottbusda (Almaniya), sonra Dohada, indi yarış Bakıda keçirilir".

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar keçiriləcək və ayrı-ayrı gimnastika aparatlarında məşqlər üzrə qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.

Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edirlər. Yarışların birinci gününün nəticələrinə əsasən Nikita Simonov finala halqalarla məşqlə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti