...

Həsrət Cəfərov və Ülvi Qənizadə Avropa çempionu oldular

İdman Materials 23 Aprel 2023 22:53 (UTC +04:00)
Həsrət Cəfərov və Ülvi Qənizadə Avropa çempionu oldular

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır. Yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün N.Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla mübarizə aparıb və 7:0 hesablı qələbəyə sevinib. N.Məmmədli üçüncü yer uğrunda ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb və 9:5 hesablı qələbə ilə debüt etdiyi Avropa çempionatının bürünc medalını qazanıb.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə “tuş”la qalib gəlib. H.Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. H.Cəfərov həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə gərgin görüş keçirib. İlk hissəni 0:2 hesabı ilə geridə başa vuran gənc güləşçimiz ikinci hissədə əzmkar qələbə qazanıb - 3:2. Beləliklə, H.Cəfərov karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Ülvi Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabı ilə qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. O, finalda fransalı İbrahim Qanemlə ağır görüş keçirib. İlk hissədə rəqibindən aşkar üstün olan Ü.Qənizadə fasiləyə 7:0 hesablı üstünlüklə yollansa da, ikinci hissədə yorğunluq sözünü deyib və hesab bərabərləşib - 7:7. Ancaq xalların keyfiyyətindəki üstünlük idmançımıza karyerasında böyüklər arasında ilk Avropa çempionluğunu qazandırıb.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans verməyib - 8:0. Üçqat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. R.Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka “tuş”la uduzub. İdmançımız bürünc medal uğrunda almaniyalı Roland Şvartsla güləşib və minimal fərqlə (1:2) uduzub.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti