...

Yarış ruhu və böyük idman arzuları - 28-ci Bakı birinciliyinin qalibləri təəssüratlarını bölüşürlər (FOTO)

İdman Materials 27 Aprel 2023 20:41 (UTC +04:00)
Yarış ruhu və böyük idman arzuları - 28-ci Bakı birinciliyinin qalibləri təəssüratlarını bölüşürlər (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinin "yeniyetmələr" (2011-2012-ci il təvəllüdlü) yaş kateqoriyasında idmançılar arasında fərdi çoxnövçülük üzrə qalib və mükafatçıların mükafatlandırılması mərasimi keçirilib.

Trend bu barədə cümə axşamı xəbər verir.

Bu yaş kateqoriyasında fərdi çoxnövçülük üzrə fəxri kürsünün ən yüksək pilləsinə Azadə Atakişiyeva (“Ocaq Sport” klubu) qalxıb. İkinci yeri Alina Kolesnikova (“Ocaq Sport” klubu), üçüncü yeri isə Yelizaveta Yefremova (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi) tutub.

Qızıl medalın sahibi Azadə Atakişiyeva hazırlığın və yarışların özünü, öz fiziki imkanlarını yoxlamaq üçün yaxşı üsul olduğunu qeyd edib.

"Birincilikdə nəticələrimdən razıyam, mükafatlarımın arasında daha bir medal əlavə etdim. Zalda möhtəşəm abu-hava var idi, istərdim ki, bu cür yarışlar mümkün qədər çox olsun", - Azadə Atakişiyeva deyib.

Birincilikdə gümüş medal qazanmış Alina Kolesnikova bədii gimnastika ilə altı ilə yaxındır ki, məşğul olur. Onun sözlərinə görə, bütün gimnastika alətləri arasında ən çətini lentlə işləməkdir, topla fırlanma isə onda gözəl alınır.

"Həyəcandan özümü toparlamaq bir qədər çətin oldu, məşqçim mənə dəstək verdi, həyəcanı özümdən uzaqlaşdırmalı olduğumu, əks halda heç nəyə nail ola bilməyəcəyəmi dedi. Dünya çempionu olmaq arzusundayam, lakin bunun üçün səylə məşq etməli, iradəmi gücləndirməli və çətinliklərdən qorxmamalıyam", - Kolesnikova deyib.

Bürünc medalın qalibi Yelizaveta Yefremova yarışın onun üçün həyəcanlı keçdiyini, lakin xoş emosiyalar buraxdığını etiraf edib.

"Bütün proqramların içərisində halqa ilə hərəkətlər mənə daha asan gəldi. Çıxışımın ilk günündə güclü həyəcan keçirirdim, sonrakı günlərdə isə artıq öyrəşdim və mənə daha asan oldu. Yarışın nəticəsindən razıyam. Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvlərinin, Zöhrə Ağamirovanın, komanda iştirakçılarının və digər gimnastların çıxışlarını izləyəndə onların öz proqramlarını necə nümayiş etdirdiklərini görürəm və başa düşürəm ki, səylə çalışsam, onlar kimi bacaracağam", - Yelizaveta Yefremova deyib və əlavə edib ki, bədii gimnastikada onu hərəkətlərin zərifliyi və gözəlliyi cəlb edir.

Qeyd edək ki, 25-27 aprel tarixlərində Bakı İdman Olimpiya Kompleksində Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinin son günü keçirilir. Yarışlarda “Ocaq Sport” klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi və FHN İdman-Sağlamlıq Kompleksinin təmsilçiləri iştirak edirlər.

Birincilikdə gimnastlar "balacalar" (2013-2015-ci il təvəllüdlü), "yeniyetmələr" (2011-2012-ci il təvəllüdlü), "gənclər" (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti