Bakı. Trend:
Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 7-8-də Beynəlxalq Etnosport Festivalında iştirak etmək üçün Özbəkistanın Xivə şəhərinə səfər edib.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir festivalın açılışında, eləcə də festival çərçivəsində təşkil olunan Beynəlxalq Etnosport Forumunda iştirak edib, mas-reslinq yarışlarında Azərbaycan idmançılarının çıxışlarını izləyib.
Fərid Qayıbov eyni zamanda, festival çərçivəsində bir neçə ikitərəfli görüşlər keçirib. Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanla görüşdə Azərbaycanda etno idman növlərinin inkişafı, ölkəmizdə bu növlərdə təşkil olunan tədbirlər barədə müzakirələr aparıb.
Nazir həmçinin özbəkistanlı və rusiyalı həmkarları ilə ikitərəfli görüşlər keçirib.