...

Bölgələrdə gimnastika fənləri üzrə bölmələrin sayı ilbəil artır - AGF-nin baş katibi

İdman Materials 26 Oktyabr 2023 17:39 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Quba. Trend:

Bölgələrdə gimnastika fənləri üzrə bölmələrin sayı ilbəil artır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə jurnalistlərə deyib.

"Azərbaycanın 30 bölgəsində gimnastika bölməsi fəaliyyət göstərir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi böyük diqqət və qayğının nəticəsidir", - deyə o vurğulayıb.

Nurlana Məmmədzadə Azərbaycan Gimnastika Federasiyasının ilk dəfədir yarışları Quba Olimpiya İdman Kompleksində keçirdiyini deyib.

"Bu gün Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyi yarışlarının birinci gününə start verilib. Yarışlar iki gün ərzində keçiriləcək, iştirakçılar həm fərdi proqramda, həm də qrup hərəkətləri üzrə komandaların tərkibində çıxış edəcəklər. Qaliblər "uşaqlar", "yeniyetmələr" və "gənclər" yaş kateqoriyaları üzrə müəyyən ediləcək.

Qeyd edək ki, bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyində fərdi proqramda çıxış edən 122 gimnast və qrup məşqlərində çıxış edən 9 komanda iştirak edir.

28-ci Azərbaycan Birinciliyində "Ocaq Sport" klubunun (Şamaxı və Zaqatala), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, "Grasiya" idman klubunun, Su İdmanı Sarayının, "Zirə" Mədəniyyət Mərkəzinin, "Zabrat" idman klubunun, Abşeron, Gəncə, Göyçay, Lənkəran, Masallı, Qusar, Şirvan Olimpiya İdman Komplekslərinin, eləcə də Şəmkir və Naxçıvan Şəhər Gənclər Mərkəzlərinin təmsilçiləri çıxış edirlər.

İdmançılar uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında çıxış edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti