Bakı. Trend:
Azərbaycan şahmatçılarının il ərzində əldə etdiyi uğurların sayı çoxdur. Təbii ki, bu, hər birimizi sevindirir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, 2023-cü ilin şahmat üçün məhsuldar keçib:
“Azərbaycan bu il ərzində bir çox beynəlxalq yarışlar ev sahibliyi edib. Bunlardan biri də ölkəmizdə keçirilən şahmat üzrə Dünya Kubokudur. Bu yarışda iştirakçı sayı çox idi. Xeyli sayda tanınmış xarici şahmatçılar burada iştirak etdilər. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində federasiya tərəfindən silsilə tədbirlər təşkil olundu.
Azərbaycan şahmatçıları həm Avropa çempionatlarında, həm də beynəlxalq turnirlərdən xeyli sayda medallarla geri döndülər. Nəticələrimiz həddən artıq çoxdur. Digər yaxşı hal da odur ki, biz gənc və kiçik yaşlı şahmatçılarımızı kəşf etdik. Onlar da ölkəmizi iştirak etdikləri Avropa çempionatlarında və yarışlarda layiqincə təmsil etdilər. İl ərzində federasiya və Gənclər və İdman Nazirliyi birgə şəkildə fəaliyyət göstərib. Bütün bunlar da birgə əməkdaşlığın nəticəsində ərsəyə gəlib. Əlbəttə ki, dövlət dəstəyi olmadan bu nəticələrə imza atmaq olmaz. Cənab Prezident İlham Əliyev hər zaman idmana və idmançılarımıza yüksək diqqət və qayğı göstərir”.