Bakı. Trend:
Sabah idman bayramıdır. Bütün idman ictimaiyyətini bu münasibətilə təbrik edirəm. Hər il olduğu kimi bu il də idman həftəsi elan etmişdik.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
İlk dəfə keçirilən Xankəndi – Bakı ultramarafonunun mükafatlandırma mərasimində iştirak edən nazir yarış barədə fikirlərini açıqlayıb: “Bu idman həftəsində tədbirlərimiz daha çoxdur, nəinki il ərzində. İstəyirik ki, ictimaiyyəti idmana daha çox cəlb edək. Təbii ki, ilk dəfə belə ideya gəldi və ultramarafon keçirildi. Ölkəmiz artıq suverendir, Qarabağ və Xankəndidə tədbirlər keçirə bilirik. Ölkə başçısının iştirakı ilə futbol üzrə ölkə kubokunun oyunu Xankəndidə keçirildi”.
Nazir 380 km məsafəni qət edən idmançıları təbrik edib: “Biz Xankəndidən başladıq və iştirakçılar paytaxta doğru məsafəni qaçaraq qət etdilər. Şəhər sakinlərinə şans verdik ki, onları dəstəkləyə bilsinlər. 60-dan artıq idmançı var idi. Nəinki Azərbaycandan, Meksika, qardaş Türkiyədən idmançılar iştirak edirdi. Təbii ki, hamı axıra qədər qaça bilmədi. Bu gün finişdə 16 nəfəri gözləyirdik. Çox çətin ultramarafondur. Beş gün ərzində 380 km məsafəni qət ediblər. Hər bir iştirakçını təbrik edirəm və təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, fevralın 29-da 64 idmançının iştirakı ilə start götürən Xankəndi – Bakı marafonu 5 mərhələdən ibarət olub.