Bakı. Trend:
İtaliya Superkubokunun 2024-cü il mövsümünün qalibi "Milan" olub.
Trend xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən finalda "Milan" və "İnter" arasında Milan derbisi baş tutub.
Oyun çox maraqlı və gərgin mübarizə şəraitində keçib. "İnter" 2:0 hesabı ilə önə keçsə də, "Milan" geridönüş edə bilib. Komandanın yeni baş məşqçisi Serjio Konseysaoun əvəzetmələri oyunun gedişinə mühüm təsir göstərib. "Rossoneyerlilər" 3 qol vuraraq, 3:2 hesabı ilə qalib gəlib. Həlledici top isə 90+3-cü dəqiqədə atılıb.
Bu nəticə ilə "İnter" ardıcıl 4-cü dəfə Superkuboka sahib olmaq şansını əldən verib. "Milan" isə iki il əvvəlki məğlubiyyətin revanşını alıb.
"Milan" tarixində 8-ci dəfə İtaliya Superkubokunu qazandı və bu göstəricidə "İnter"lə eyni saydadır. "Yuventus" isə 9 titul ilə liderdir.