Bakı. Trend:
Bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır.
Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
"Delimitasiya və demarkasiya üzrə Ermənistan və Azərbaycan komissiyalarının razılaşdırdığı protokol elə ondan xəbər verir ki, sərhədin dəqiqləşdirilməsi zamanı bir çox amillər – təhlükəsizlik, kommunikasiyalar, yaşayış məntəqələri, tarixi, ekoloji amillər və sair nəzərə alınmalıdır. Yəni, Ermənistan ilə Azərbaycan arasında mövcud olan şərti sərhəd, birincisi, ehkam deyil. Bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, bunun üçün mənim dediyim bir çox bu və ya digər amillərin dəqiqləşdirilməsi tələb olunur. Amma bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur. Beləliklə, yaşayıb görərik", - deyə dövlətimizin başçısı vurğulayıb.