Bakı. Trend:
Ötən il Naxçıvan Muxtar Respublikasının yerli büdcə gəlirləri 250 milyon manatdan artıq olub ki, bu da büdcə xərclərinin 50%-dən çoxunu icra etməyə imkan verib.
Trend-in məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov yerli KİV-ə müsahibəsində bildirib.
O, 2024-cü ili həm Naxçıvan Muxtar Respublikasında aparılan sosial-iqtisadi islahatlar, həm də həyata keçirilən büdcə və maliyyə siyasəti istiqamətində kifayət qədər uğurlu bir il hesab etdiyini söyləyib:
“2024-cü ildə Naxçıvan Muxtar Respublikasının yerli büdcə gəlirləri 250 milyon manatdan artıq olub ki, bu da büdcə xərclərinin 50%-dən çoxunu icra etməyə imkan verib.
Büdcənin xərclərinin icrasında dotasiyanın payı əhəmiyyətli dərəcədə aşağı salınıb. Biz bunu, eyni zamanda, növbəti büdcənin tərtibində də nəzərdə tutmuşuq. Ötən müddət ərzində Muxtar Respublikanın büdcəsinin tərtibində xərclərin optimallaşdırılması, gəlirlərin artırılması üçün əhəmiyyətli və təqdirəlayiq addımlar atılıb”.
“2024-cü ilin sonlarında cənab Prezidentin sərəncamları ilə həm ölkədə minimum əməkhaqqının artırılması, həm yaşayış meyarının artırılması növbəti ildə (2025-ci ildə - red.) əhalinin rifah halının da yüksəldilməsinə əhəmiyyətli dərəcədə inanmağa imkan verir.
Artıq Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş vahid tarif cədvəli ilə maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqının artırılması, eyni zamanda, növbəti il (2025-ci il – red.) Muxtar Respublikada həyata keçiriləcək iqtisadi investisiya proqramlarının icrası bizə 2025-ci ilin büdcəsinin də kifayət qədər uğurlu keçəcəyini deməyə əsas verir”, - deyə nazir vurğulayıb.