Bakı. Trend:
Bu ilki Qlobal Bakı Forumunda iqlim dəyişikliyi, süni intellekt kimi mövzulara xüsusi diqqət yetiriləcək.
Bunu Trend-ə müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibinin müavini (Nizami Ganjavi International Center – NGIC) İlahə İbrahimli deyib.
Onun sözlərinə görə, bu il Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçiriləcək və üç gün davam edəcək.
“Tədbirin proqramına uyğun olaraq birinci gün qlobal problemlərin müzakirəsinə həsr ediləcək. İkinci gün regional məsələlər və onların həlli yolları diqqət mərkəzində olacaq. Üçüncü gün isə tematik mövzular: səhiyyə, ətraf mühuitin qorunması, süni intellekt və təhsilə yönəlmiş mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Bu il Forumda geosiyasi qeyri-sabitlik, iqlim dəyişikliyi, süni intellektin transformasiyaedici gücünü istiqamətləndirmə, qadınların iqlim dəyişikliyinin aradan qaldırılması yönümlü təşəbbüslərdə aktiv iştirakı, səhiyyənin hər kəs üçün əlçatan olması kimi mühüm mövzulara xüsusi diqqət yetiriləcək. Forumun prioritetləri qlobal dinamikada baş verən dəyişiklikləri nəzərə alaraq, yeni çağırışların həllinə yönəlib və gələcəyə dair strateji yanaşmalar təqdim edir. Məqsəd, iştirakçıları aktual problemlər ətrafında düşüncə mübadiləsinə cəlb etməklə yanaşı, praktiki və dayanıqlı həll yollarını müzakirə etməkdir”, - deyə İbrahimli bildirib.
NGIC baş katibinin müavini qeyd edib ki, Qlobal Bakı Forumuna hazırlıq prosesi artıq bir neçə mühim mərhələni keçib.
“Hazırlıqlarımız sentyabr ayında BMT-nin toplantısı zamanı Nyu Yorkda təşkil etdiyimiz Ali-Səviyyəli toplantı ilə başlanmış, ardından dekabrda Madriddə keçirilən İmperial Springs Forumunda müzakirələrlə davam etmişdir. Həmçinin, Kaşkaisdə BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi Forumda uzvlər Antonio Quterreş ilə də gürüşmüş və fikir mübadiləsi aparmışdır. Hazırda isə hazırlıq prosesi yanvarın 16-17-də BMT-nin Cenevrə ofisi ilə əməkdaşlıq çərçivəsində keçiriləcək toplantımızla davam edir. Bu tədbirdə Bakı Forumuna hazırlıq məqsədilə dəyirmi masa təşkil olunacaq və burada forumun mövzularının seçilməsi, iştirakçıların, həmçinin beynəlxalq təşkilatların cəlbi və digər mühim məsələlər ətrafında müzakirələr aparılacaq”, - deyə İ.İbrahimli əlavə edib.
O vurğulayıb ki, Qlobal Bakı Forumunun məqsədi açıq dialoq və qlobal problemlərin həlli üçün konstruktiv həll yolları təqdim edən platforma olmaqdır.
“İllər ərzində bu Forum regional təşəbbüsdən qlobal təhlükəsizlik, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq kimi vacib məsələlərin müzakirə edildiyi tanınmış beynəlxalq foruma çevrilib. Forum gənc liderlər üçün xüsusi sessiyalar təşkil edir, onlara fikirlərini təqdim etmək və siyasətə təsir göstərmək üçün platforma yaradır. Bu sessiyalarda gənc liderlər, dünya liderlərinin qarşısında onları narahat edən mövzuları irəli sürərək, bu problemlərə həll yolları axtarırlar.
Əsas çağırışlar arasında iqlim dəyişikliyinə diqqətin artırılması, beynəlxalq təşkilatların fəaliyyətlərinin təkmilləşdirilməsi, qlobal bərabərsizlik, qadınların beynəlxalq təşkilatlarda iştirakının təmin olunması və multilateralizm durur. Forum dəyişən dinamikaya uyğunlaşaraq, yeni tərəfdaşlarla sıx əlaqələr qurur, bunlara Dünya Səhiyyə təşkilatı, BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramı, BMT-nin İnkişaf proqramı, BMT-nin Sivilizasiyalar Alyansı və digərləri daxildir və müxtəlif iştirakçıları bir araya gətirərək qlobal problemləri effektiv şəkildə həll etmək üçün əməkdaşlığa əsaslanan yanaşmaları inkişaf etdirir”, - İ. İbrahimli bildirib.