...

Mövqelərimizin atəşə tutulması Ermənistanın sülhə hazır olmadığını göstərir

Siyasət Materials 7 Yanvar 2025 14:05 (UTC +04:00)
Mövqelərimizin atəşə tutulması Ermənistanın sülhə hazır olmadığını göstərir

Bakı. Trend:

Regionda dayanıqlı sülhün əldə olunması istiqamətində aparılan danışıqlar həlledici mərhələyə daxil olsa da, rəsmi İrəvan müəyyən bəhanə və iddialarla zaman qazanmağa çalışır. Ermənistan rəsmilərinin bir-birinə zidd açıqlamalar vermələri, danışıqların gedişində qeyri-ciddi, qəbuledilməz təkliflərlə çıxış etmələri qarşı tərəfin sülh prosesi ilə bağlı qətiyyətli qərarlar verə bilməməsinin bariz göstəricisidir.

Ermənistanın silahlı qüvvələrinin son günlərdə bir sıra istiqamətlərdə atəşkəsi pozması, mövqelərimizin atəşə tutulması, Azərbaycan istiqamətindən guya təhlükə gözləntisinin yaradılması cəhdləri rəsmi İrəvanın hərbi toqquşmaları tətikləmək, bunun məsuliyyətini ölkəmizin üzərinə qoymaq niyyətindən xəbər verir. İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə bu cür hərbi-siyasi təxribata əl atan Ermənistan hər dəfə ciddi zərbələr alaraq uğursuzluğa düçar olub. Buna baxmayaraq, son iki ildə silahlanmaya böyük həcmdə vəsait ayırması, revanşist addımları, şərti sərhəd bölgəsində atəşkəsin tez-tez pozulması halları bu ölkənin yaxın zamanda sülh sazişi imzalamağa hazır olmadığını deməyə əsaslar verir. Son zamanlar Ermənistan daxilində Azərbaycanı müharibə ilə hədələyən radikal-revanşist qüvvələrin fəallaşması, aqressiv ritorikanın ifrat həddə çatması, informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən feyk məlumatların sayının artması ciddi suallar doğurur.

Ermənistanın silahlanma prosesi ilə paralel şəkildə regionda etimad quruculuğu prosesini zədələyən addımlarını davam etdirməsi haqlı olaraq rəsmi Bakının etirazları ilə qarşılanır. Prezident İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa ənənəvi müraciətində bununla bağlı deyib: “Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək”.

Ermənistanın son iki ildə kütləvi silahlanması, Fransa, Hindistan, İran və Yunanıstandan yeni silah-sursat və hərbi texnika alması sülh danışıqlarının da gedişinə mənfi təsir göstərir. Bu istiqamətdəki destruktiv fəaliyyətini “pərdələmək” istəyən rəsmi İrəvan Azərbaycanı guya Ermənistanı “güclə təhdid edən və ərazilərini zəbt edən” ölkə kimi təqdim etməyə çalışır. 30 ilə yaxın müddətdə ərazilərimizi işğalda saxlamış Ermənistanın hərbi potensialını gücləndirmək cəhdləri sülh və sabitliyə potensial təhdid olaraq, bu ölkənin bölgədəki destruktiv fəaliyyətini stimullaşdırır. Eyni zamanda, rəsmi İrəvan silahlanma ritorikası ilə guya gələcəkdə nəyinsə dəyişəcə biləcəyi barədə erməni ictimaiyyətində irreal təsəvvürlər formalaşdırmağa çalışır.

2024-ci ilin yekunlarına görə xarici dövlət borcu 11 milyard dollar təşkil edən Ermənistanın borclanma səviyyəsi ÜDM-in 70 faizinə yüksəlib ki bu da fəlakətli hədd sayıla bilər. Belə bir vəziyyətdə rəsmi İrəvan hərbi xərcləri 2024-cü ildə 47 faiz, bu il üçün isə 20 faiz artırıb. Sülhdə maraqlı olduğunu iddia edən bir ölkənin aşkar militarizasiya siyasəti yürütməsi haqlı olaraq rəsmi Bakını adekvat addımlar atmaq məcburiyyətində qoyur. Dövlət başçısı İlham Əliyevin xalqa yeni il müraciətində qeyd etdiyi kimi, silahlanma prosesində Ermənistanın Azərbaycanla rəqabət aparmaq imkanları yoxdur və İrəvanı buna təhrik edən dövlətlərin səyləri əbəsdir.

Genişmiqyaslı hərbi əməliyyatlardan ehtiyatlanan, buna hazır olmayan rəsmi İrəvan lokal hərbi təxribatlarla gərginliyi artırmağa və öhdəliklərinin icrasından yayınmağa çalışır. Ermənistan mediasının Azərbaycanın guya “hərbi müdaxilə üçün zəmin hazırladığını” iddia etməsi isə ənənəvi riyakarlıqla beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Üstəlik, qarşı tərəfin Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərinə hələ də əməl etməməsi, Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarının mövcudluğu, Avropa İttifaqının missiyası adı altında təşkilatın hərbi bazasını ərazisində yerləşdirməsi yekun sülh sazişinin imzalanmasına qarşı yönəlmiş destruktiv addımlardır.

Ermənistan hakimiyyəti lokal hərbi toqquşmalar törətməklə, həm də daxildəki radikal-revanşist qüvvələrin, xaricdəki erməni lobbisinin təzyiqlərini zərərsizləşdirməyə cəhd edir. Belə ki, həmin qüvvələr Ermənistan hakimiyyətinin yekun sülh sazişini imzalamaq niyyətinə qarşı çıxır, Nikol Paşinyan hakimiyyətini siyasi qətiyyətsizlikdə günahlandırırlar.

Ermənistan atəşkəsi pozmaqla, həm də 2025-ci ilin fevral ayında yekunlaşmalı olan Avropa İttifaqı missiyasının öz ərazisində qalma müddətini uzatmaq, bunun zəruriliyinə dair saxta əsaslar formalaşdırmaq istəyir.

Bütün bunların fonunda Azərbaycanın müdafiə və hərbi təhlükəsizlik məsələlərini daim xüsusi diqqət mərkəzində saxlaması geosiyasi çağırışlarla şərtlənir. Proseslərin gedişi göstərir ki, hərbi güc amili Ermənistanla danışıqlar prosesində beynəlxalq hüquqa və ədalətə əsaslanan nəticələrin əldə edilməsi baxımından bu gün də aktuallığını qoruyur. Rəsmi Bakı ölkəmizin Ermənistan üzərində təkcə diplomatik-siyasi deyil, hərbi üstünlüyünün də qat-qat gücləndirilməsi, habelə sülh təşəbbüslərinə qarşı yönələn xarici təhdidlərin zərərsizləşdirilməsi istiqamətində adekvat tədbirlər həyata keçirir.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti