Bakı. Trend:
23 və 24 may tarixlərində Goranboy Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə keçirilən 9-cu bölgələrarası kubok yarışı uğurla başa çatdı.
Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkənin müxtəlif bölgələrini - Abşeron, Ağdaş, Gəncə, Kürdəmir, Qax, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Şamaxı, Talaçay və Zaqatalanı təmsil edən 60-dan çox gimnast bu yarışda öz bacarıqlarını nümayiş etdirdi.
Yarışın ilk günündə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edən idmançılar çoxnövçülük proqramı üzrə performanslarını təqdim etdilər.
İkinci gün isə təsnifat mərhələsində fərqlənən gimnastlar mükafatlandırıldı.
Balacalar yaş kateqoriyası üzrə:
2015-ci il təvəllüdlülər: Zaqatala, Şəmkir və Naxçıvan;
2016-cı il təvəllüdlülər: I və II yerlər - Abşeron, III yer -
Zaqatala;
2017-ci il təvəllüdlülər: I yer - Sumqayıt, II və III yerlər -
Mingəçevir.
Yeniyetmələr yaş kateqoriyası üzrə:
2012-ci il təvəllüdlülər: Zaqatala, Abşeron və Ağdaş;
2013-cü il təvəllüdlülər: Zaqatala, Ağdaş və Şirvan;
2014-cü il təvəllüdlülər: Gəncə, Zaqatala və Naxçıvan.
Gənclər (2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyasında: I və
III yerlərə Zaqatala, II yerə isə Şirvan təmsilçiləri layiq
görüldü.
Yarış zamanı gimnastlar yüksək motivasiya, peşəkar hazırlıq və
estetik performanslarla seçildilər. Onların çıxışları bir daha
göstərdi ki, bölgələrdə fəaliyyət göstərən idman məktəbləri
ölkəmizin gimnastika gələcəyinə güclü töhfə verir.
Regionlarda gimnastikaya olan marağın ildən-ilə artması isə
ölkəmizdə idmanın davamlı inkişafının bariz göstəricisidir.