...

Prezident İlham Əliyev: Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün

İqtisadiyyat Materials 4 Avqust 2017 18:29 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün.
Prezident İlham Əliyev: Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün

Bakı. Trend:

Azərbaycan dövləti müntəzəm olaraq kənd təsərrüfatının inkişafına çox böyük vəsait ayırır, investisiyalar qoyulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Prezident bildirib ki, bu gün reallaşan və növbəti illərdə həyata keçiriləcək infrastruktur layihələri də, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir: “Biz yol çəkilişi ilə çox ciddi məşğuluq. Bu il şərti olaraq adlandırılan “40 yol layihəsi”, - əslində bu, 200-dən çox kəndi əhatə edir, - o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Bu, nəinki insanlara rahatlıq gətirir, eyni zamanda, fermerlərin, kəndlilərin öz məhsullarını bazarlara çıxarmaları üçün şərait yaradır. Ona görə, mən göstəriş vermişəm ki, gələn ildən bu sahəyə çox böyük vəsait ayrılsın, o cümlədən yaşayış məntəqələrinin sayına, orada yaşayan əhaliyə və əkin sahələrinə yaxınlığına görə prioritetlər müəyyən edilsin. Yol çəkilişi kənd təsərrüfatının inkişafında da öz rolunu oynamalıdır”.

Dövlət başçısı vurğulayıb ki, digər infrastruktur layihələrimiz də kənd təsərrüfatının inkişafına xidmət göstərir: “Əgər elektrik enerjisi, su təminatı olmasa, heç kim heç bir yerdə investisiya qoymaz. Ona görə, kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Qeyd etdiyim kimi, fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusilə son illər ərzində ən müasir texnika alınıb gətirilir. Bu il ölkəmizə 10 min texnika gətiriləcək. Onlardan 7 mini artıq gətirilib, cəmi bir il ərzində. Azərbaycan dövləti bu məqsədlər üçün 100 milyonlarla dollar vəsait ayırır, sonra da lizinq yolu ilə güzəştli şərtlərlə fermerlərə verir ki, onlar bu texnikadan istifadə etsinlər. Bu yaxınlarda kənd təsərrüfatı naziri mənə məlumat vermişdir ki, biz özümüzü kənd təsərrüfatı texnikası ilə demək olar təmin etmişik. Əlbəttə, növbəti illərdə yeni texnikalar alınacaq. Ancaq biz əsas çətinliyi aradan qaldıra bilmişik. Subsidiyalar verilir, o cümlədən bu gün müzakirə etdiyimiz sahələrin inkişafı üçün. Onların da çox böyük mənası var. Güzəştli şərtlərlə gübrələr, yanacaq verilir”.

İlham Əliyev bildirib ki, sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir: “Sahibkarlara metodik tövsiyələr verilir ki, onlar işlərini daha da yaxşı qursunlar. Yəni, Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün. Bəlkə də var, mən eşitməmişəm. Ən gözəl şərait Azərbaycandadır və biz bunun hesabına regionların sosial-iqtisadi inkişafına nail ola bilmişik.

Əminəm ki, bugünkü müşavirənin nəticələri çox müsbət olacaq. Əminəm, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək. Həm özəl sektor, fermerlər, kəndlilər də, əlbəttə, bu işdə fəal rol oynayacaqlar. Dövlət qurumları - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti bütün bu işlərə rəhbərlik edəcək. Bütün bu işlərə ümumi rəhbərlik isə Prezident Administrasiyası tərəfindən aparılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti