...

Vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması təkmilləşdiriləcək

İqtisadiyyat Materials 27 Sentyabr 2017 13:24 (UTC +04:00)
İnsan resurslarının inkişafı strategiyasının hədəfləri konkret nəticələr əldə etməkdir.
Vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması təkmilləşdiriləcək

Bakı. Trend:

Vergilər Nazirliyi insan resurslarının təkmilləşdirilməsi, peşəkar kadr hazırlığının daha yüksək səviyyəyə qaldırılması məsələsinə xüsusi diqqətlə yanaşır. 2017-ci ildə də bu məsələ milli vergi sistemində prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazovun müsahibəsinin başlıca mövzusunu bu istiqamətlər təşkil edir.

- Faiq müəllim, Vergilər Nazirliyinin insan resurslarının idarə edilməsi sahəsində həyata keçirdiyi siyasət indi daha çox aktuallaşıb. Bu nə ilə bağlıdır?

- Müasir dövrdə hər bir ölkənin vergi inzibatçılığının səmərəli təşkili inzibatçılığın müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinə və müasir idarəetmə üsulla­rı­na əsaslanan bilik menecmentinin tətbiqini zəruri edir. Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan mü­asir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir və onların sırasına müasir korporativ idarəetmə sisteminin qurulması da daxildir. Bu baxımdan, Vergilər Nazirliyinın apardığı islahatların bir qismi müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılmasına yönəldilib.

Vergi orqanlarının fəaliyyəti günün tələblərinə uyğun olaraq durmadan yenilənir, təkmilləşdirilir. Bu isə həmin yenilikləri, dəyişiklikləri icra edəcək resursların, xüsusən insan resurslarının inkişafını tələb edir. Bu inkişafın sistemli, planlı və ardıcıl şəkildə təşkil edilməsi məqsədilə vergilər nazirinin 15 avqust 2017-ci il tarixli əmri ilə «2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası» təsdiq edilib. Strategiya hazırlanarkən insan resurslarının idarə edilməsi sahəsində vergi orqanlarının təcrübəsi, ümumi dövlət qulluğunda hazırda gedən proseslər, qabaqcıl beynəlxalq təcrübə (xüsusilə 2014-2016-cı illərdə Avropa İttifaqının «İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək» tvinninq layihəsi çərçivəsində öyrənilmiş praktikalar) nəzərə alınıb.

- «2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası»nın əsas missiyası nədən ibarətdir?

- Təbii ki, hər hansı təşkilatın istənilən sahə üzrə qəbul edilən strategiyasının başlıca bir missiyası var. Bu, təşkilatın qarşısında duran məqsədlərə yüksək səviyyədə nail olmaqdır. Vergi orqanlarında insan resurslarının inkişaf strategiyası potensiallı kadrları vergi orqanlarına cəlb etmək və saxlamaq, kadrların bilik və bacarıqlarından təyinatı üzrə və məqsədyönlü şəkildə istifadə etmək yolu ilə vergi orqanlarının fəaliyyətində səmərəliliyin artırılması missiyasını daşıyır.

- Strategiya üzrə hansı tədbirlərin görülməsi planlaşdırılır?

- Strategiyanın Tədbirlər Planında bir çox işlərin görülməsi nəzərə tutulub. Bunların sırasında prioritet istiqamətlər kimi vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulmasının təkmilləşdirilməsi; rəhbər vəzifəli şəxslərin potensialının planlı və sistemli şəkildə artırılması; vəzifələrin qruplaşdırılaraq ümumi standartlarının hazırlanması; əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi; işçilərin peşəkarlığının artırılması tədbirlərinin gücləndirilməsi; fəaliyyətin qiymətləndirilməsinin yeni mexanizminin yaradılması və nəticələrə uyğun motivasiya sisteminin qurulmasını sadalamaq olar. Bunlarla yanaşı, insan resurslarının idarə edilməsi sahəsində mövcud hüquqi aktların təkmilləşdirilməsi və sistemləşdirilməsi, kadr məlumatlarının informasiya sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı sahəsində digər qurumlarla əlaqələrin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, insan resursları ilə iş sahəsində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi də diqqət mərkəzində olan istiqamətlərdəndir.

- Strategiya hansı dövrü əhatə edir?

- Strategiya üçün nisbətən qısa - iki il yarımlıq müddət müəyyən edilib. Məlum olduğu kimi, dünyada insan resurslarının idarə edilməsi sahəsində yanaşmalar durmadan dəyişir, xüsusən iqtisadi profilli dövlət orqanları qarşısında yeni məqsədlər və hədəflər yaranır. Bu isə insan resurslarının yeni yanaşmalara, məqsəd və çağırışlara uyğunlaşdırılmasını tələb edir. Odur ki, daha uzunmüddətli strategiya özünü doğrultmaya bilərdi. Məhz bütün bunlar nəzərə alınaraq, strategiyanın 2017-2019-cu illəri əhatə etməsi nəzərdə tutulub.

- Strategiyanın icrasının nəticəsindən əsas gözləntilər nədən ibarətdir?

- Gözləntilərimiz çoxdur. İlk növbədə, insan resurslarının idarə edilməsinin kadrların seçimindən başladığını nəzərə alsaq, ayrı-ayrı sahələr üzrə vergi orqanlarının spesifik kadr tələbatlarını müəyyən etmək və kadrların işə qəbulunu, yerdəyişməsini və yüksəlişini bu tələblərə uyğun həyata keçirmək nəzərdə tutulub. Dünyada proseslər sürətlə gedir, yeni informasiya mənbələri və texnologiyaları yaranır, tendensiyalar durmadan dəyişir. Bu isə əməkdaşların dəyişiklik və yeniliklərlə ayaqlaşması, onların bilik və bacarıqlarının daim təkmilləşdirilməsi zərurətini yaradır. Odur ki, daha bir gözləntimiz də əməkdaşların peşəkarlığının fasiləsiz olaraq artırılmasıdır. Peşəkarlığın artırılması prosesi tədricən könüllü formaya keçməli, əməkdaşlar özünüinkişafda maraqlı olmalıdırlar. Bunun üçün isə, təbii ki, onların motivasiyası gücləndirilməli, yeni həvəsləndirmə mexanizmləri işlənib hazırlanmalıdır. Qeyd edilənlər strategiyanın icrasının gözlənilən nəticələrindəndir. İnsan resurslarının idarə edilməsi sahəsində görülən işlərin bir-biri ilə sıx əlaqələndirilməsi, məsələn, işçilərin yuxarı vəzifələrə irəli çəkilməsinin təlim-təhsil prosesləri ilə əlaqəsinin gücləndirilməsi də vacib məqamlardandır. Yuxarıda qeyd edilən işlər nəticə yönümündə təşkil edilməli, insan resurslarının inkişafına sərf olunan resurslar əldə etdiyimiz nəticələrə adekvat olmalıdır. Odur ki, insan resurslarının inkişafına yatırılan «investisiyanın» yüksək səviyyədə geriyə dönüşünün təmin edilməsi əsas məqsədlərimizdən biridir.

Gördüyünüz kimi, gözləntilərimiz kifayət qədər iddialıdır. Onlar təkcə insan resurslarının idarə edilməsi strukturlarının deyil, eləcə də bütün əməkdaşların, əsasən rəhbər vəzifəli şəxslərin xüsusi səyini və əməkdaşlığını tələb edir. Ümid edir və inanıram ki, biz qarşıya qoyduğumuz məqsədlərin gerçəkləşdirilməsinə maksimum dərəcədə nail olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti