Bakı. Trend:
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" cari ilin 7 dekabr tarixinədək Baku Expo mərkəzində keçirilən “BakuTel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında müvəffəqiyyətlə iştirak edir.
Trend-in məlumatına görə, artıq 10 ildir ki, ölkənin telekommunikasiya sektorunda uğurla fəaliyyət göstərən və öz fəaliyyətində hər zaman peşəkarlıq, müştəri məmnuniyyəti, dinamik inkişaf və innovativlik prinsipini rəhbər tutan şirkət sərgi müddətində yerli və xarici ziyarətçilərə, eləcə də qurumlara internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, "DDoS" hücum əleyhinə mühafizə xidməti, "FTTx" (hər hansı ünvana fiber-optik kabelin çəkilişi), Data Mərkəz xidmətləri, "SİP telefoniya" və digər telekommunikasiya xidmətlərini təqdim edir.
Qeyd edək ki, sərgi günlərində Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Sinqapur, İran, Ukrayna və digər dövlətlərdən olan şirkətlərin nümayəndələri ilə müxtəlif görüşlər keçirilib, ziyarətçilərə "AzerTelecom" şirkəti haqqında geniş məlumat verilib, yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Eyni zamanda, "AzerTelecom" şirkətinin stendində “Huawei” şirkətinin Türkiyədən dəvət edilmiş IoT/M2M (Internet of Things - Əşyaların İnterneti/M2M-Machine-to-Machine- Maşınlararası əlaqə) sahəsi üzrə eksperti Sertaç Şamioğlu və "AzerTelecom" şirkətinin Baş Kommersiya direktoru Samir Nuriyev tərəfindən müxtəlif sahələrdə “Əşyaların İnterneti”nin tətbiqi haqda info-sessiyalar təşkil olunub, stendin ziyarətçilərinə yeni rəqəmsal texnologiyalar, ağıllı şəhər və idarəetmə, kənd təssərüfatı və digər sahələrdə rəqəmsal texnologiyaların və telekommunikasiyanın rolu barədə müxtəlif təqdimatlar edilib.
"AzerTelecom" Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir.
"AzerTelecom" ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir.
"AzerTelecom" şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət daim mövcud şəbəkənin yenilənməsi, infrastrukturun dayanıqlılığının artırılması, innovasiyaların tətbiqinə diqqət yetirir.