...

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin məzun günü keçirildi (FOTO)

İqtisadiyyat Materials 3 May 2019 12:32 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (“STRATEX”) şirkətinin birgə təşkilatçılığı ilə Layihə İdarəetmə Məktəbinin (SPM) məzun günü keçirilib.
Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin məzun günü keçirildi (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (“STRATEX”) şirkətinin birgə təşkilatçılığı ilə Layihə İdarəetmə Məktəbinin (SPM) məzun günü keçirilib. Təlim proqramı ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramına əsaslanıb.

Tədbirdə SOCAR və BP şirkətlərinin rəhbər şəxsləri və digər qonaqlar iştirak ediblər. Layihə İdarəetmə Məktəbini bu dəfə 13 müəssisənin 46 mütəxəssisi bitirib. Məzunlar arasında SOCAR, BP, BANM, "Azərsu" ASC, "Azəriqaz" İB, "Cənub Qaz Dəhlizi" QSC, “SOCAR Waste Management Complex” MMC, "KCADeutag", "AKELİK Group" ASC, "Azər Turk Bank", "AzərTelecom LLC", "Expro Eurasia" və "Prokon LLC" kimi şirkətlərin rəhbər işçiləri və məsul əməkdaşları var.

Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edərək bildirib ki, artıq üçüncü ildir BANM-da reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqramı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər.

Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov SPM məzunlarını təbrik edərək bildirib ki, burada qazandıqları bilik və bacarıqlar onların gələcək karyera yüksəlişində əhəmiyyətli rol oynayacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məzunları ürəkdən təbrik edib. O, Layihə İdarəetmə Məktəbinin onların professional karyeralarına böyük töhfə olduğunu və burada əldə etdikləri yeni biliklərin peşəkarlıqlarının yüksəlməsinə ciddi praktiki töhfələr verəcəyini bildirib.

Tədbirdə çıxış edən SOCAR-ın Insan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirib ki, BANM-in beynəlxalq tədris proqramları əsasında həyata keçirdiyi təlim proqramlarını hər zaman faydalı hesab edib. O vurğulayıb ki, BANM-in Layihə İdarəetmə Məktəbinin təlim proqramında SOCAR-ın 80-ə yaxın əməkdaşı iştirak edib. A.Bəkirli bütün yeni məzunlara uğurlar arzulayıb və onların qazandıqları yeni biliklərin faydalı olacağını bildirib.

Heriot-Vatt Universitetinin professoru Qrem Vayt BANM ilə Heriot Vatt universitetinin əməkdaşlığından danışaraq, BANM-in ən etibarlı tərəfdaşlarından biri olduğunu vurğulayıb. SPM-in çox maraqlı layihə olduğunu qeyd edən professor gələcəkdə bu cür faydalı layihənin davamlı olacağının əhəmiyyətindən danışıb.

Çıxış edən məzunlar təlim müddətində yaradılan şəraitə görə BANM kollektivinə, eləcə də təşkilatçılar və müəllimlərə dərin təşəkkürlərini bildirib.

Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatları təqdim edilib.

Dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması üçün onların bu layihədə iştirakına üstünlük verir.

Məktəbdə Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Proqramı əsasında təlim keçirilir. Həmin modullara Layihələrin idarə edilməsi, Layihəyə rəhbərlik, İdarəetmə və kommunikasiya, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, Layihə menecerləri üçün keyfiyyət, Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, Layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq, Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi kurslar daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti