...

Azərbaycanda qiymətli kağızların ilkin bazarı artıb

İqtisadiyyat Materials 7 May 2019 16:47 (UTC +04:00)
2019-cu ilin I rübü ərzində qiymətli kağızlar bazarında ümumilikdə 5 663.5 mln. manat həcmində əməliyyat aparılıb.
Azərbaycanda qiymətli kağızların ilkin bazarı artıb

Bakı. Trend:

2019-cu ilin I rübü ərzində qiymətli kağızlar bazarında ümumilikdə 5 663.5 mln. manat həcmində əməliyyat aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, əməliyyatların 73.2%-i (4 144.8 mln. manat) ilkin bazarda, 26.8%-i (1 518.7 mln. manat) isə təkrar bazarda aparılıb. Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızların ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% (1 103.2 mln. manata) artıb.

2019-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin 3.3 dəfə artmasına səbəb olub. Əlavə olaraq korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 12 dəfə artaraq 444 mln. manata çatıb. Ümumilikdə, ölkənin korporativ qiymətli kağızlarının ilkin bazarında 37% artım müşahidə olunub.

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 41% (2 608.2 mln. manat) artaraq 3 671.8 mln. manat təşkil edib. Bunun 227.5 mln. manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 444.3 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib və müvafiq olaraq, 151.8 mln. manat və 3 363.1 mln. manat məbləğində yerləşdirmə olub.

Hesabat dövründə repo əməliyyatlarının ümumi məbləği 101 mln. manat olub. Dövlət istiqrazları ilə bağlanan repo əməliyyatların həcmi ötən illə müqayisədə 16% artaraq 92.6 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti