...

AQTA Bakı Karqo Terminalına infotur təşkil edib (FOTO)

İqtisadiyyat Materials 29 Oktyabr 2019 13:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib.
AQTA Bakı Karqo Terminalına infotur təşkil edib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib.

Trend-in məlumatına görə, jurnalistlərin iştirakı ilə məhsul gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və AQTA əməkdaşları tərəfindən baxış keçirilib.

İnfoturda jurnalistlərə açıqlamasında AQTA-nın sektor müdiri Samir Rüstəmli bildirib ki, ölkəmizə idxal olunan bütün qida məhsulları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən risk əsaslı nəzarətə cəlb edilir. Onun sözlərinə görə, yalnız təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların sərbəst ticarət dövriyyəsinə buraxılmasına icazə verilir:

“Məqsəd ölkəyə idxal edilən qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təmin edilməsi, əhalinin sağlamlığının qorunmasıdır. Yeyinti məhsullarını ölkəyə idxal etmək istəyən sahibkarlar ilk növbədə qida təhlükəsizliyi sertifikatı almaq üçün Agentliyə müraciət edirlər”.

Jurnalistlərə bildirilib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Risk əsaslı yanaşmada 3 meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır. Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədi ilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir.

Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur.

Əlavə olunub ki, cari ilin 9 ayı ərzində 24 min kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, 16 müraciətə (karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı) imtina verilib. Aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105 572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib. Nəticələr uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir ki, həmin sənədlə sahibkarlar idxal etdikləri məhsulları ticarət dövriyyəsinə daxil edə bilirlər. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində 19 997 qida təhlükəsizliyi sertifikatı verilib.

Ümumiyyətlə, AQTİ-nin laboratoriyaları müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunub ki, bu avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir. Eyni zamanda qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq tələblərə uyğun həssaslıq və dəqiqliklə həyata keçirilir. Həmçinin, burada məhsullar radiasiya riski olan ölkələrdən idxal edilərsə, qida və qeyri- qida məhsullarında radionuklidlerin aktivliyinin öyrənilməsi müayinələri reallaşdırılır.

Laboratoriyada qida məhsullarının mikrobioloji və molekulyar bioloji göstəriciləri ən yeni texnologiya olan Real Zamanlı Polimeraza Zəncirvari Reaksiya cihazında yoxlanılır.

Bütün bunlar əhalinin sağlamlığının qorunması, yalnız keyfiyyətli və təhlükəsiz qida məhsullarının idxal edilməsi, eləcə də ölkədə istehsal olunan məhsulların ixrac potensialının yüksəlməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti