...

İran-Rusiya-Azərbaycan elektrik enerjisi sisteminin əlaqələndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir (VİDEO)

İqtisadiyyat Materials 27 Aprel 2020 15:38 (UTC +04:00)
İran-Rusiya-Azərbaycan elektrik enerjisi sisteminin əlaqələndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir (VİDEO)

Bakı. Samir Əli - Trend:

İran-Rusiya-Azərbaycan elektrik enerjisi sisteminin əlaqələndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Bunu Trend İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-Gürcüstan-Türkiyə elektrik körpüsü var:

"500 kilovattlıq bir xəttin ötürmə gücü 650 mVt-dır. Bizim İranla 550 mVt-lıq, Rusiya ilə isə 350 mVt-lıq ötürmə gücünə malik xətlərimiz var. Hazırda İran-Rusiya-Azərbaycan elektrik enerjisi sisteminin əlaqələndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir".

Ə.Həsənov qeyd edib ki, sözügedən tədbirlər və bərpa proqramı nəticəsində səmərəlilik təmin edilməklə çox böyük işlər həyata keçirilib:

"Hazırda elektrik enerjisində şərti yanacaq miqdarında çox ciddi azalmalar əldə olunub. Ötürücü və paylayıcı şəbəkələrdə itkilərin miqdarı kəskin şəkildə azaldılıb, eyni zamanda stansiyaların xüsusi sərfiyyatının azaldılması normaya çatdırılıb. Bununla əlaqədar çox böyük ixrac potensialımız olub. Elektrik kəsintiləri ilə əlaqədar xaricdən elektrik enerjisi idxal olunurdu. 2007-ci ildən başlayaraq artıq özümüz elektrik enerjisi ixrac edirik. Sadəcə keçən il 1,4 milyard kilovatsaatdan çox elektrik enerjisi Türkiyə və Gürcüstana ixrac olunub".

Şöbə müdiri əlavə edib ki, bununla yanaşı, 4 ildən bir qəbul edilən regionların sosial-iqtisadi inkişaf proqramlarında da elektrik enerjisindən istifadə sahəsinin gücləndirilməsi ilə bağlı tədbirlər əks olunub:

"Həyata keçirilən tədbirlər nəticəsində 2003-2019-cu illərdə 3 min mVt-dan artıq ümumi gücü olan 30-dan çox elektrik stansiyası istifadəyə verilib. Eyni zamanda, əvvəlki illərdə istifadəyə verilmiş elektrik stansiyasında yenidənqurma işləri aparılıb, ötürücü və paylayıcı şəbəkələr yenidən qurulub. Bilirsiniz ki, "Azərenerji" ilə Energetika Nazirliyi cənab Prezidentə müraciət edib. Bu müraciət əsasında ötürücü sistem və elektrik stansiyalarının yenidən bərpası proqramı həyata keçirildi. Bu günə qədər 485 mVt-dan artıq istifadəyə yararsız güc bərpa olunub".

Nazirlik rəsmisi bildirib ki, bu ilin əvvəlindən bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik iki iri şirkətlə ilkin sazişlər imzalanıb:

"Razılaşmaya əsasən, 440 mVt gücünə malik külək və günəş elektrik stansiyaları tikiləcək. Bunlar özəl investisiya ilə həyata keçiriləcək. Eyni zamanda, dövlət investisiyası ilə bağlı tədbirlər yenə davam etdirilir. "Azərenerji" tərəfindən 385 mVt gücünə malik Qobu Elektrik stansiyasının tikintisi planlaşdırılır. Eyni zamanda, 84 mVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı hökumətə müraciət olunub. Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasında Araz çayı üzərində 36 mVt gücündə su elektrik stansiyası tikilir. Həmçinin Energetika Nazirliyi hazırda 550 mVt istilik elektrik stansiyasının özəl investisiya hesabına tikilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə bir çox xarici şirkətlərlə müzakirələr gedir, təkliflər alınır. Bu stansiyalar istifadəyə veriləndən sonra bizim gücümüz 8500-9000 mVt-a qədər çata biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti