...

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı məskunlaşmanı sürətləndirəcək - Ekspert

İqtisadiyyat Materials 9 Oktyabr 2021 13:22 (UTC +04:00)
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı məskunlaşmanı sürətləndirəcək - Ekspert

Bakı. Çingiz Səfərli - Trend:

Cəbrayılda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı böyük perspektivlər vəd edir.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanın təşfiqi, eyni zamanda həmin ərazilərin iqtisadi potensialının mərkəzləşdirilməsi üçün hökumət müxtəlif alətlərdən istifadə edərək, öz mövqeyini ortaya qoyur:

"Bu istiqamətdə resursları səfərbər etməklə bölgənin qısa müddətdə ölkə iqtisadiyyatına inteqrasiyası məqsədilə addımlar atılır. Həmin ərazilərə ümumi yanaşma olacaq, amma eyni zamanda xüsusi zona statusundan da istifadə etməklə bölgəyə investisiyanın cəlbi nəzərdə tutulur. İlk olaraq ümumi inkişaf planına uyğun olaraq Cəbrayıl "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkınının yaradılması yeri kimi müəyyən edilib. Ərazi nəqliyyat kommunikasiya imkanlarının üzərində yerləşdiyindən biznes üçün olduqca əlverişlidir. Dəmiryolunun bərpa edilməsindən sonra Zəngəzur üzərindən Naxçıvan-Türkiyə, Naxçıvan-İran, həmçinin əks istiqamətdə, Gürcüstana, Rusiyaya və hətta gələcək uzunmüddətli dövrdə Ermənistana belə malların daşınması mümkün olacaq".

Ekspertin sözlərinə görə, digər tərəfdən zonanın Xudafərin körpüsünün yaxınlığında olması və gələcəkdə burada yeni sərhəd məntəqəsi də fəaliyyətnin nəzərdə tutulması bölgənin iqtisadi əhəmiyyətini daha da artırır:

"Bu mənada zonanın İrana məhsul ixrac edilməsində böyük üstünlükləri var. Düşünürəm ki, bütün bunlar daha qısa müddətdə xarici və daxili investisiyaların səfərbər edilməsinə şərait yaradır. Çünki Sənaye Parkı statusu sahibkarlara həm vergi, həm də digər istiqamətlərdə fiskal güzəştlər verir. Bu güzəştlərdən sahibkarların yararlanması fonunda bölgəyə maraq yüksək olacaq. Xarici investorların da iştirakının böyük olacağı gözlənilir. Bildiyim qədərilə ilk cəlb olunan rezident də məhz xarici investordur. Amma gələcəkdə yerli investorların da prosesdə rolu artacaq".

Rəşad Həsənov əlavə edib ki, bu, öz növbəsində məşğulluğa, yaranan əlavə dəyərə töhfə verəcək:

"Böyük ehtimalla gələcəkdə investisiya qoyan rezidentlər çalışacaqlar ki, mümkün qədər bölgənin resurslarına uyğun fəaliyyət planları icra etsinlər. Bu o deməkdir ki, əlavə olaraq bölgənin inkişafı üçün multiplikativ bir dəyər formalaşdırma imkanı olacaq. Malları, xidmətləri həmin bölgədən almaqla, xammalı ordan çıxarmaqla iqtisadiyyatın təşkil edilməsi sənaye zonasının bölgənin iqtisadiyyatına effektiv təsirlərini daha da dərinləşdirə bilər. Eyni zamanda bu, iş yerləri də yaradacaq. Düşünürəm ki, idarəetmə səviyyəsində olmasa da, bölgə əhalisinin digər işlərə cəlb edilməsi imkanları çox yüksəkdir. Bu da özlüyündə məskunlaşmanı təşviq edəcək".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti