...

Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov

İqtisadiyyat Materials 3 Dekabr 2021 19:45 (UTC +04:00)
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov

Bakı. Trend:

Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir.

Trend-in məlumatına görə, bunu cümə günü UNEC İqtisadi Forumunun “Post-pandemiya dövründə yeni biznes modellərinin təşviqi: yeni çağırışlara uyğunlaşma” mövzusunda panel müzakirələri zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib: "İlk növbədə, Sizi salamlayır və forumda iştiraka dəvət üçün təşəkkür edirəm. Artıq 3-cü gündür ki uğurla davam edən və kifayət qədər aktual mövzuların müzakirə olunduğu forumun yüksək səviyyədə təşkilinə görə UNEC kollektivini təbrik edirəm.

Hazırda bəşəriyyətin üzləşdiyi və ciddi neqativ iqtisadi və sosial təsirlərə malik COVİD-19 pandemiyası öz növbəsində bir sıra reallıqları da ortaya çıxarmış oldu. İqtisadiyyatların dayanıqlığının gücləndirilməsi, gözlənilməz şoklara qarşı hazırlıq səviyyəsinin artırılması və müasir, innovativ texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsi prioritet məsələlərə çevrildi. Bu baxımdan, mütəxəssislərin rəyinə əsasən avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı müəyyənləşdirəcək meyllər olacaqdır.

Post-pandemiya dövründə yeni çağırışlara uyğun iqtisadi transformasiyanı həyata keçirmək üçün maliyyə resurslarına çıxış imkanı mühüm əhəmiyyət kəsb edir. İlkin hesablamalara əsasən, COVİD-19 böhranının yaratdığı neqativ təsirlərin aradan qaldırılması məqsədilə qlobal səviyyədə likvidlik dəstəyi və yardım məqsədilə 5 trilyon ABŞ dolları həcmində vəsait sərf edilib. Lakin böhranın iqtisadi təsirlərinin miqyasını nəzərə alsaq, ənənəvi maliyyə sisteminin hazırkı problemlərin öhdəsindən gəlməkdə çətinliklər ilə üzləşəcəyini söyləmək olar. Bu baxımdan, alternativ maliyyə mənbələri, o cümlədən “Fintech” texnologiyaları dayanıqlı maliyyə resurslarının təmin edilməsi üçün qarşıdakı dövrlərdə mühüm əhəmiyyət kəs edəcəkdir.

Dünyada baş verən bu proseslər ölkəmizin də qarşısında zamanın çağırışlarına cavab vermək, iqtisadi inkişafda yeni hədəflərə çatmaq kimi vəzifələr formalaşdırır. Biznes modellərinin transformasiyası “post-COVİD” dövründə bizneslər və ümumilikdə cəmiyyət üçün yeni dəyərlərin yaradılması baxımından əhəmiyyətli olacaqdır. Qeyd olunanlar nəzərə alınmaqla, dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə yeni çağırışlara uyğun iqtisadi transformasiya gündəliyinin reallaşdırılması üzrə özəl sektoru cəlb etmək və resursları səfərbər etmək üçün əlverişli modellərdir.

Ötən 25 il ərzində təkcə inkişaf etməkdə olan ölkələrdə 1.5 trilyon ABŞ dollarından artıq həcmi əhatə edən dövlət-özəl sektor tərəfdaşlığı (PPP) layihələri ictimai infrastruktur və xidmət təminatının inkişafı, eləcə də müvafiq sahədə idarəetmənin effektivliyinin artırılması baxımından uğurlu mexanizm kimi özünü göstərib. Ölkəmizdə PPP layihələrinin “Tik-İdarə et-Təhvil ver” modeli əsasında tətbiqi üçün qanunvericilik bazası mövcuddur. Eyni zamanda, KOBİA-nın strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi fəaliyyət göstərir. Mərkəz tərəfindən PPP sahəsində aidiyyəti dövlət qurumlarının və maraqlı tərəflərin potensialın gücləndirilməsi, beynəlxalq təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi, potensial PPP layihələrinin müəyyən edilməsi istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.

Səmərəli təşkilati-hüquqi model kimi KOB klasterlərinin yaradılmasını da qeyd etmək olar. Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və KOB klasterin iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulmuşdur. Hazırda sözügedən modelin tətbiqi ilə bağlı normativ və tənzimləmə bazasının tamamlanması üzərində işlər gedir. Ümumilikdə, KOB klasterlərin formalaşdırılması daha intensiv və dayanıqlı iqtisadi inkişafa və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə, eləcə də yüksək əlavə dəyərin yaradılması ilə iqtisadiyyatın mürəkkəblik göstəricisinin yüksəlməsinə təkan vermiş olacaqdır.

Bir məsələni də, vurğulamaq istərdim ki, qeyd olunan biznes modellərin işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə re-inteqrasiyası proseslərində də geniş tətbiq imkanları vardır.

KOB-ların rəqəmsallaşması və yaşıl iqtisadiyyatda rolunun artırılması iqtisadi transformasiya prosesinin əsas elementlərindəndir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəstəyi ilə Azərbaycanda KOB-ların rəqəmsallaşmasının təşviqi layihəsi həyata keçirilir və artıq tamamlanmaq üzrədir. Layihə çərçivəsində müvafiq sahədə diaqnostik təhlillər aparılmış və fəaliyyətimizin gücləndirilməsi üçün siyasət tövsiyələri hazırlanmışdır. Cari ilin oktyabr ayında isə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə BMT-nin Qlobal Sazişinin bizneslər arasında təbliği istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədilə Anlaşma Memorandumu imzalamışıq. Sözügedən sənəd “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə” meyarlarının, həmçinin BMT Dayanıqlı İnkişaf Məqsədlərinin məhsul və proseslərə inteqrasiyası, bizneslərin müvafiq sahədə maarifləndirilməsi, yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi və s. kimi əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Ümumilikdə, KOBİA post-pandemiya dövründə yeni biznes modellərinin inkişafı məqsədilə öz fəaliyyətini bir neçə istiqamətdə qurmaqla müvafiq dəstək tədbirləri həyata keçirir. Bunlar sırasına təşviq, məlumatlandırma, bilik və bacarıqların artırılması və dəstək infrastrukturunun təmin edilməsi daxildir.

Sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyasında maraqlıyıq. Bu məqsədlə, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu dəstək tədbiri yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən faydalı model və texnoloji yeniliklərin elmi cəhətdən öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir. 2021-ci ilin fevral-aprel aylarında Agentlik tərəfindən təşkil olunmuş 1-ci müsabiqəyə təqdim edilmiş layihələrdən 15-i maliyyələşdirilib. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması istiqamətlərini əhatə edir. Hər layihə üçün maksimum 20 min manat həcmində vəsait ayrılır. Hazırda 2-ci müsabiqə üçün müraciətlərin qəbuluna başlanılmışdır.

İnnovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, bu ilin may ayından etibarən KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Bugünədək 30-a yaxın startapa şəhadətnamə verilib.

Qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın, innovativ məhsul və xidmətlərin yaradılmasının stimullaşdırılması üçün daxili bazar araşdırmasının aparılmasına KOBİA tərəfindən dövlət dəstəyi göstərilir. Bildiyiniz kimi, pandemiya kimi qeyri-müəyyən dövrlərdə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər.

Pandemiyanın mövcud biznes mühitində yaratdığı dəyişikliklər sahibkarların ənənəvi formada həyata keçirdikləri fəaliyyətlərin yeni çağırışlara uyğunlaşması zərurətini yaratmışdır. Bu baxımdan, onların bilik və bacarıqlarının artırılması prioritet istiqamətlərdəndir. 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara ödənişsiz təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. Sözügedən xidmətlər təcrübəli və peşəkar ekspertlər tərəfindən ödənişsiz olaraq təmin edilir. 2021-ci il ərzində KOBİM-lərin xidmətlərindən 16 mindən çox subyekt faydalanmışdır.

İnnovativ texnologiyaların və yeni biznes modellərin öyrənilməsi və daxili iş proseslərində tətbiqi üçün KOB-ların beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakı tərəfimizdən dəstəklənir. Misal üçün deyə bilərəm ki, “Azərbaycanda biznes menecerlərinin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində KOB-ların nəzəri və praktik biliklərinin artırılması, Almaniyanın müəssisələrində istifadə edilən idarəetmə metod və texnoloji təcrübələr barədə yerində tanış olmaq imkanı yaradılır. Bugünədək 480 sahibkar və menecer bu proqramdan faydalanıb.

Müasir biznes modellərinin inkişafının dəstəklənməsi məqsədilə KOBİA tərəfindən təmin edilən infrastruktur ilə bağlı onlayn satış platforması və video təlim platformasını xüsusilə qeyd etmək istərdim. Kobmarket.az saytı KOB-lar arasında elektron ticarətin genişləndirilməsi və satış imkanlarının artırılması üçün əhəmiyyətli resursdur. Video təlim platformasında isə qeydiyyatdan keçməklə 180 təlim videosunu izləmək mümkündür. Artıq 200-dən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxs onlayn təlimlərdən faydalanıb. Özünüqiymətləndirmə testləri vasitəsilə qazanılmış biliklərin yoxlanılması, mövzuların peşəkar təlimçilər tərəfindən izah olunması və ödənişsiz istifadə imkanı video təlim platformasının başlıca üstünlükləridir.

Hazırda ölkə başçısı tərəfindən təsdiq edilmiş 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası hazırlanmaqdadır. Sözügedən strategiya post-pandemiya və post-münaqişə dövrü üçün ölkənin inkişaf istiqamətlərinin əsas konturlarını müəyyən edəcəkdir. Ümidvaram ki, bu gün keçirilən tədbir çərçivəsində faydalı müzakirələr aparılacaq və strateji fəaliyyət gündəliyimizin genişləndirilməsi üçün faydalı nəticələr əldə ediləcəkdir.

Bir daha təşkilatçılara minnətdarlığımı bildirir və Forumun işinə uğurlar arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti