Bakı. Trend:
Milli Məclis Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri layihəsini qəbul etdi. Qərara əsasən, Vətən müharibəsi iştirakçılarının banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsi zamanı banklar həmin kreditlər üçün nəzərdə tutulan gəlir vergisindən azad edilib.
Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 20.000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.
Milli Məclisin deputatı Azər Badamov Trend-ə açıqlamasında bildirib ki, Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət sayəsində torpaqlarımız düşmən işğalından azad olundu. Azərbaycan ordusunun rəşadətli döyüşləri dünya hərb tarixinə bir yenilik gətirdi.
"Təəssüf ki, müharibədə gənc, igid oğullarımız şəhid oldu və öz sağlamlıqlarını itirdilər. Dövlətimiz şəhid ailələri və Vətən müharibəsi əlillərini daima qayğı ilə əhatə edir. Şəhid ailələri və Vətən müharibəsi əlillərinin mənzillə təmin edilməsi üçün xüsusi dövlət proqramı qəbul olunub və 2025-ci ilə qədər təmin edilməsi nəzərdə tutulub. Dövlətimiz şəhid ailələrinə maddi yardımlar göstərir, qazilərin sağlamlıqlarının bərpası üçün müxtəlif tədbirlər həyata keçirilir. Qazilər avtomobillərlə təmin olunur, bu kateqoriyadan olan şəxslərin məişət problemlərinin həllində dövlət dəstəyi göstərilir. Həm də qanunvericilikdə şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən müəyyən dəyişikliklər edilir. Milli Məclisin 3 dekabrda keçirilən iclasında Vergi Məcəlləsində edilən dəyişikliklərdə də şəhid ailələri və qazilərə vergi güzəştlərinin edilməsi nəzərdə tutulub. Beləki, edilən dəyişikliklərə görə şəhid ailəsi üzvlərinə və Vətən müharibəsində aldığı yaralardan əlilliyi tədsdiq olunmuş hərbçilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsi gəlir vergisindən azad edilir. Vətən müharibəsində şəhid olmuş və ya əlil olmuş şəxslərin banklara və ya kredit təşkilatlarına olan borcunun silinməsindən əldə edilən gəlir gəlir vergisindən azad edilir", - deyə millət vəkili qeyd edib.
Deputat bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilər yenidən bərpa olunur. İndiki zamanda dövlət büdcəsindəki gəlir və xərclərə təsir edəcək hər bir manat həmişəkindən də çox vacibdir.
"Dövlət büdcəsi böyük xərclərlə qarşılaşıb və gəlirin hər bir manatı dəyərlidir. Amma vətən uğrunda canından keçmiş şəhidlərimizin və qazi oğullarımızın xidmətləri hər şeydən üstün tutulur və belə bir vacib dövrdə də bu kateqoriyadan olan şəxlərlə bağlı vergi güzəştləri tətbiq olunur. Düşünürəm ki, dövlətimizin iqtisadi gücü artdıqca bu həssas kateqoriyadan olan şəxslərlə bağlı yeni dəstək proqramları da icra olunacaq. Ölkənin ərazi bütövlüyü uğrunda düşmən gülləsinin qabağına sinə vermiş şəxslərin xidmətlərini dövlətimiz heç vaxt unutmayacaq", - deyə A.Badamov qeyd edib.
Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, Vətən Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün müəyyən edilmiş yeni vergi güzəştləri dövlətimizin bu dəyərli insanlara, öz qəhrəmanlarına olan münasibətinin əyani göstəricisidir.
"Eyni zamanda hesab edirəm ki, bu addım müqəddəs şəhidlərimizin ailə üzvlərinin və qəhrəman qazilərimizin sosial, maddi vəziyyətinə də mütləq öz müsbət təsirini göstərəcək.
Azərbaycan müharibədən yeni çıxıb. Dövlətimiz kimsənin köməyi olmadan öz gücünə işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri aparır. Amma bununla belə digər vacib məsələlər də unudulmur. Şəhidlərimizin ailə üzvləri, dəyərli qazilərimiz diqqətdən kənarda qalmır. Onlar daim dövlətin nəzərindədir. Qanunvericiliyə edilən dəyişikliklərdə də bu prioritet, bu xətt hər zaman əsas götürülür, bütün mümkün variantlar hesablanır ki, şəhidlərimizin ailə üzvləri və qazilərimiz üçün daha faydalı bəndlər, nüanslar məlum qanunvericilikdə öz əksini tapsın. Milli Məclisin 3 dekabr tarixli iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklər də məhz həmin qəbildəndir", - deyə o qeyd edib.
Deputat əlavə edib ki, şəhidlər bizim müqəddəslərimizdir. Onların ailələri isə bu dövlətə əmanətdir: "Dövlət də öz əmanətinə sahib çıxır, bu qəhrəmanların ailələrini və əziz, fədakar qazilərimizi daim öz qayğısı ilə əhatə edir".