Bakı. Sədrəddin Ağcayev - Trend:
Azad edilmiş ərazilərdə 13 layihə üzrə tikintisi və yenidən qurulması nəzərdə tutulan avtomobil yollarından hazırda 9 layihə üzrə tikinti işlərinə başlanıb.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər” adlı tədbirdə çıxışı zamanı deyib.
“Hazırda digər dövlət qurumları kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də fəaliyyətində əsas prioritet işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun bərpası və reinteqrasiyasıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu ərazilərdə infrastrukturun layihələndirilməsi, bərpası prosesində yaxından iştirak edir, tikinti işlərinin əlaqəli şəkildə aparılması, gələcəkdə həmin ərazilərdə müasir standartlara cavab verən nəqliyyat sisteminin formalaşdırılması üzrə xarici tərəfdaşlarla birlikdə işlər aparır”, - deyə o bildirib.
Onun sözlərinə görə, Göygöl və Kəlbəcər, Kəlbəcər və Laçın arasında tikilən tunellərə, Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarına xüsusi qeyd etmək lazımdır.
“Bu layihələr həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmlidir.Dəmir yollarının çəkilişinə gəldikdə, Bərdə-Ağdam dəmir yolu xəttinin birinci hissəsi üzrə işlər başlanıb, ikinci hissəsinin layihələndirilməsi işləri aparılır. Füzuli-Şuşa və Horadiz-Ağbənd dəmiryolu xəttlərinin layihələndirilməsi işləri aparılır. Həmçinin Kəlbəcər dəmir yolu xətti üzrə konseptual layihələr hazırlanıb, hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır”, - A.Bədəlova deyib.
O qeyd edib ki, Hava nəqliyyatı infrastrukturunun qurulması ilə bağlı işlər qrafikə uyğun aparılır.
“Zəngilan Beynəlxalq Hava Limanının, eləcə də Laçın Hava Limanının tikinti işlərinə başlanması məqsədilə hazırlıq və mobilizasiya işləri aparılır. Həmçinin, qeyd edilən hava limanlarının vaxtında istismara verilməsinin təmin edilməsi məqsədilə ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə zəruri tədbirlər davam etdirilir. Nəqliyyat infrastrukturunun bərpası layihələri həm də Zəngəzur dəhlizinin qurulması kontekstində bölgənin və bütövlükdə Azərbaycanın tranzit imkanlarının genişlənməsinə şərait yaradacaq. Zəngəzur dəhlizi, Naxçıvanla birbaşa quru əlaqəsi yaratmaqla yanaşı, Şərq-Qərb dəhlizində Çinlə Cənubi Avropa arasında ən qısa quru yol əlaqəsini təmin edəcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması məqsədilə Azərbaycan daşıyıcılarının arasında beynəlxalq daşımalar üçün “İcazə blankları”nın bölüşdürülməsi prosesi artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlanmış memorandum əsasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçirilir. Burada ədalətli bölgünü təmin etmək və mövcud olmuş neqativ halları aradan qaldırmaq da əsas hədəflərdəndir.
(Tərcümə: Orxan Nəbiyev)