Bakı. Trend:
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı fermerlərə dövlət tərəfindən böyük vəsait ayrılır, lakin bu vəsaitlər demək olar ki, fermerlərə vaxtında çatmır.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Cavanşir Paşazadə deyib.
O qeyd edib ki, vəsait ayrılır, amma sənədləşmələrin gecikdirilməsi problem yaradır.
“Sənədlər banka gedir, bank onları qaytarır, təkrar göndərir, yenə qaytarır. Fermer artıq gübrə almalı, torpağı əkməli idi, bu proses də gecikir. Ona görə Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki qurumlarının əməkdaşları fermerlərlə banklar arasında bu kimi problemlərin həlli ilə məşğul olmalı, yalnız statistika aparmamalıdırlar”, - deyə o bildirib.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası 2023-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, subsidiyanın baza məbləği 200 manatdır.