Bakı. Trend:
Türkiyədə baş verən zəlzələdən sonra ölkəmizdə həyət evlərinə tələbatın artdığı və qiymətlərin bahalaşdığı ilə bağlı məlumatlar yayılır.
Türkiyədəki zəlzələnin fəsadları Azərbaycanda həyət evlərinin qiymətinin bahalaşmasına təsir edə bilərmi?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında daşınmaz əmlak eksperti Elnur Azadov bildirib ki, ölkəmizdə həyət evlərinin qiymətlərinin bahalaşacağı ilə bağlı proqnoz vermək hələ tezdir.
"Ancaq çoxmərtəbəli binalarda yaşamaq fobiyası olan insanlar var. Belə insanlar zəlzələ ola bilər deyə, həyət evlərinə üstünlük verirlər. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra da qısa müddətdə həyət evlərinə maraq artmışdı. Amma tez unuduldu və təsirləri aradan qalxdı. Hazırda Türkiyədə baş verən zəlzələ fonunda da ölkəmizdə həyət evlərinə maraq müvəqqəti olacaq", - o deyib.
Ekspertin sözlərinə görə, Türkiyədə baş verən zəlzələ ölkəmizdə çoxmərtəbəli binalarda qiymətlərin ucuzlaşmasına səbəb olmayacaq.
"Alıcıların az qismi həyət evləri almağa çalışacaq deyə, çoxmərtəbəli binalara tələbat həmişəki kimi çox olacaq. Belə ki, bu il yeni inşa olunacaq binaların sayı məhdudlaşacaq. Tikinti şirkətləri əvvəlki kimi tikintiyə icazə ala bilmirlər deyə, çoxmərtəbəli binalarda mənzillərin qiyməti bahalaşacaq", - deyə ekspert qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.