...

Litva Azərbaycana bərpa olunan enerji sahəsində texnologiyalar təqdim edə bilər – Səfir (Özəl)

İqtisadiyyat Materials 22 May 2023 08:02 (UTC +04:00)
Litva Azərbaycana bərpa olunan enerji sahəsində texnologiyalar təqdim edə bilər – Səfir (Özəl)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vilnüs. Trend.

Litva Azərbaycana bərpa olunan enerji sahəsində texnologiyalar təqdim edə bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas deyib.

"Enerji sahəsində əməkdaşlığa dair danışıqlar bundan əvvəl də aparılıb. Burada ilk növbədə coğrafiya, eləcə də texniki imkanlar nəzərə alınır. Svop qaz tədarükü ideyası müzakirə olunur. Ancaq burada texniki detallara girəcək biznes tərəfdaşları arasında dialoq qurmaq lazımdır. Bu müzakirələr davam edəcək. Bundan əlavə, Litva Azərbaycanda bərpa olunan enerji layihələrində çox maraqlıdır, çünki biz günəş və külək enerjisi texnologiyalarının ixracatçısına çevrilirik. Düşünürəm ki, bizim biznesimiz bu sahədə Azərbaycan tərəfinə təkliflər verəcək," - deyə o bildirib.

E.Navikas qeyd edib ki, Azərbaycan ilə Litva arasında münasibətlər bütün sahələrdə yüksək səviyyədədir:

"Siyasi müstəvidə münasibətlərdən danışarkən, Litva həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Davamlı səfərlər edilir, görüşlər keçirilir, xüsusən də bu yaz bu baxımdan səmərəli oldu. Bu yaxınlarda nazirlərin səfəri olub, indi də prezident səviyyəsində səfər baş tutub. Ən yüksək səviyyədə olan təmaslar digər sahələrdə də əlaqələrin inkişafına təkan verir".

Səfir hesab edir ki, münasibətlərin iqtisadi ölçüsündə hələ çox iş görülməlidir:

"Biz ticarətdə irəliləyiş əldə etmişik, bu sahə üzrə göstəricilər son bir neçə ildə artıb. Bununla belə, bu sahədə hələ də böyük potensial var. Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçiriləcək və forumda hər iki ölkədən kifayət qədər əhəmiyyətli sayda sahibkar iştirak edəcək. Biz Azərbaycanla birgə müxtəlif layihələrdə, xüsusilə tvinninq layihələrində fəal iştirak etməyə davam edirik. Bizim 17 tvinninq layihəmiz olub, onlardan 12-si artıq həyata keçirilib. Onlardan beşinin həyata keçirilməsi hələ də davam edir".

Avrasiyanın nəqliyyat xəritəsinin dəyişdirilməsindən danışan E.Navikas qeyd edib ki, Litva və bütün Avropa İttifaqı xüsusilə geosiyasi proseslərin indiki kontekstində Orta Dəhlizi dəstəkləyir:

"Bu mütləq prioritetdir. Mərkəzi Asiya və digər Asiya ölkələri üçün bu marşrut getdikcə daha da böyük əhəmiyyət kəsb edir. Litva biznesi də Bakı limanına maraq göstərir, Azərbaycan biznesi isə Klaypeda limanının imkanlarına diqqət yetirir. Klaypeda limanı Baltik dənizində donmayan limanlardan biri olduğu üçün Azərbaycan biznesi üçün imkanlar yaradır. Bu kontekstdə Litva vasitəsilə Aİ bazarlarına ixrac yaxşı seçim variantıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti