Bakı. Trend:
Azərbaycanın Slovakiyaya qaz təchizatına başlaması, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirən mühüm bir hadisədir. Slovakiyaya qaz tədarükü, Azərbaycanın enerji təhlükəsizliyi və Avropa ölkələri ilə strateji əlaqələrinin möhkəmlənməsi baxımından önəmlidir. Bu, həmçinin Azərbaycan üçün qaz ixracının diversifikasiyası və yeni bazarlara çıxış imkanı yaradır, bu da iqtisadiyyatın davamlı inkişafına töhfə verir. SOCAR-ın beynəlxalq qaz bazarında böyüyən rolu, Azərbaycanın enerji sektoru üçün uzunmüddətli iqtisadi faydalar və Avropadakı enerji təhlükəsizliyinin artırılması baxımından önəmlidir.
Məlumat üçün bildirək ki, bu aydan etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlanılıb.
Slovakiyaya qaz tədarükü “Həmrəylik Həlqəsi” (STRING) təşəbbüsü çərçivəsində həyata keçirilir. Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnyovski bu ilin may ayında bildirmişdir ki, STRİNG təşəbbüsü çərçivəsində Azərbaycan qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.
Bu təşəbbüs çərçivəsində 25 aprel 2023-cü il tarixində Sofiyada Bolqarıstan ("Bulqartransqaz"), Rumıniya ("Transgaz"), Macarıstan (FGSZ), Slovakiya ("Eustream"), eləcə də Azərbaycan Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Ötən il Slovakiyada istehlak edilən qazın ümumi həcmi 45,537 teravatt/saat (4,23 milyard kubmetr) təşkil edib.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Trend-ə bildirib ki, Azərbaycanın Slovakiyaya qaz tədarükünə başlaması hər iki ölkə üçün dividendlər qazandıracaq.
"Bu özünü siyasi, iqtisadi və digər aspektlərdə göstərə bilər. Qaz təchizatı Slovakiyanın, eləcə də Avropanın enerji təhlükəsizliyi çox önəmlidir. Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın enerji təhlükəsizliyində yaranmış problemlər Azərbaycan tərəfinin bu potensialını daha aktual etdi. Bu gün Avropa ölkələrinin alternativ enerji mənbələrinin diversifikasiyası baxımından ölkəmizin rolu böyükdür. Eyni zamanda qaz ixracı Azərbaycanın beynəlxalq ticarətdə əlaqələrini gücləndirir, ölkənin enerji bazarında mövqeyini yüksəldir və ölkəmizə maliyyə axını olur. Birmənalı olaraq, bu qaz tədarükü ölkədə infrastruktur layihələrinin daha da genişləndirilməsini və ölkənin bu sektor üzrə daha dayanıqlı olmasını təmin edir", - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.