Bakı. Trend:
2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1 009,2 manat təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Cari ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 778 500 nəfər olmuş, onlardan 882 800 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895 700 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 13,5 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.