Bakı. Trend:
Yanvar ayında yenilənmiş proqnozlara əsasən, 2025-2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağı proqnozlaşdırılır. Bununla belə, ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılmalıdır.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, AMB-nin 2025-ci il üzrə inflyasiya proqnozu 5.5% təşkil edir. Qeyd olunub ki, iİllik inflyasiya proqnozuna tənzimlənən qiymətlər 0.51 faiz bəndi (birbaşa təsir 0.34 f.b., dolayı təsir 0.17 f.b.), dövlət istehlakı 0.34 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.59 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri 2.08 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.57 faiz bəndi və digər amillər 0.62 faiz bəndi artırıcı təsir edəcək: “Nominal effektiv məzənnənin (NEM) inflyasiyaya 2.21 faiz bəndi azaldıcı təsiri gözlənilir. 2025-ci ilə dair yanvar proqnozu ötən ilin oktyabr proqnozuna nəzərən 0.3 faiz bəndi aşağı reviziya edilmişdir. Bunun əsas səbəblərindən biri NEM proqnozunun yuxarı doğru reviziyasıdır”.
Vurğulanib ki, yanvar gözləntilərinə görə, 2025-ci ilin sonuna NEM-in 8.2% möhkəmlənəcəyi gözlənilir (oktyabr proqnozu 7.9% olub): “Bu reviziyanın inflyasiya proqnozuna azaldıcı təsiri 0.08 faiz bəndi qiymətləndirilir. Digər səbəb isə KİQİ-nin proqnozunun aşağı doğru reviziyasıdır. Belə ki, cari ilin sonuna KİQİ-nin 4.2% artacağı gözlənilir (KİQİ-nin oktyabr proqnozu 6.8% olmuşdur). Bu reviziyanın inflyasiya proqnozuna təsiri azaldıcı olmaqla 1.25 faiz bəndidir. 2026-cı ilə inflyasiyanın yanvar proqnozu 3.8% təşkil edir. 2026-cı ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.33 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.33 faiz bəndi, KİQİ 2.21 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 1.95 faiz bəndi artırıcı, NEM və digər amillər isə müvafiq olaraq 1.59 və 0.43 faiz bəndi azaldıcı təsir edəcəkdir”.
“İnflyasiya proqnozlarının reallaşması bir sıra xarici və daxili risk amillərinin dəyişimindən asılı olacaqdır. Xarici risklər əsasən tərəfdaş ölkələrdə inflyasiya prosesləri ilə bağlıdır. Geosiyasi gərginliyin yüksək qalması və qlobal fraqmentasiya şəraitində mühüm ticarət marşrutlarında maneələr əmtəə qiymətlərinin yenidən yüksəlməsinə gətirib çıxara bilər. Eyni zamanda qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir edə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risklər isə əsasən yerli xərc amillərinin (xüsusilə, tənzimlənən qiymətlərdə dəyişikliklərin dolayı təsirlərinin gözləniləndən yüksək olması) və məcmu tələbin izafi artımı ilə əlaqədardır. İlkin qiymətləndirmələrə görə 2025-ci ildə dövlət büdcəsi xərclərinin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Bununla belə ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılmalıdır”, - deyə məlumatda vurğulanıb.
“İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişir. 2024-cü ilin dekabrında həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən qarşıdakı 3 aylıq dövrdə sahələr üzrə nisbətən yüksək qiymət gözləntisi xidmət və tikinti sektorunda qeydə alınmışdır. Digər sektorlardan ticarət üzrə gözləntilər mənfi zonada qalmağa davam etmişdir. Sənayenin qeyri-neft-qaz sektorunda il ərzində dəyişkənlik müşahidə edilmiş və gözləntilərdə mənfi zonadan müsbət zonaya keçid olmuşdur.
Sənaye sektorunda qiymət indeksi dekabr ayında 4.87 (ötən ilin müvafiq dövrü -5.29), ticarətdə -3.92 (ötən ilin müvafiq dövrü -28.25), tikintidə 16.22 (ötən ilin müvafiq dövrü 4.8), xidmət sektorunda isə 21.01 (ötən ilin müvafiq dövrü 21.21) olmuşdur”, - məlumatda qeyd olunub.