Bakı. Trend:
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta dəhliz) çərçivəsində Türkiyədə yükdaşımaların yerinə yetirilməsi üçün yeni marşrut işə salınacaq.
Trend xəbər verir ki, bunu Türkiyənin “TCDD Transportation” dəmiryolları idarəsinin baş direktoru və sədri Ufuk Yalçın bildirib.
O, şərqdən Türkiyənin cənubuna yükdaşımaların çatdırılması məqsədilə TBNM çərçivəsində yeni nəqliyyat dəhlizi açmaq planlarından söz açıb. Layihənin əsas məqsədi – İstanbulda Marmaray tunelinin üzərinə düşən yüklənməni azaltmaqdır.
“Hal-hazırda daşınmalar Van və Tətvan arasında Van gölü üzərindən 2017-ci ildə tam müasirləşdirilmiş iki bərə vasitəsilə həyata keçirilir. Bu bərələr hər iki istiqamətdə günə iki reys yerinə yetirir. Həmin marşrutla Türkiyənin qərb bölgələrinə İrandan və Türkmənistandan yüklər daşınır. Ancaq daşınmalardan əldə olunan cari gəlirlər xərclərin yalnız 15 faizini ödəyir. Buna baxmayaraq, marşrut Şərq və Qərb arasında daşınmalar üçün strateji əhəmiyyətə malikdir”,- deyə o bildirib.
Yalçının sözlərinə əsasən, Marmaray tunelinin yüklənməsini azaltmaq məqsədilə, Balıkesir və Tekirdağ arasında Mərmərə dənizi üzərindən iki ay ərzində dəmiryolu bərəsinin işə salınması planlaşdırılır. Bu yeni marşrut Marmaraydan keçən gecə yük qatarlarının sayını artırmağa və beləcə tıxacların qarşısını almağa kömək edəcək.
“Ekspertlər hesab edirlər ki, bu addım təkcə ölkədaxili logistikanı yaxşılaşdırmayacaq, eyni zamanda Türkiyənin beynəlxalq yükdaşımaları üçün tranzit potensialını artırmış olacaq”,- deyə o qeyd edib.