...

Fariz Cəfərov "Coursera" ilə əməkdaşlıq və Azərbaycan iqtisadiyyatına rəqəmsal texnologiyaların inteqrasiyası haqda

İqtisadiyyat Materials 15 Mart 2025 13:12 (UTC +04:00)
Fariz Cəfərov "Coursera" ilə əməkdaşlıq və Azərbaycan iqtisadiyyatına rəqəmsal texnologiyaların inteqrasiyası haqda
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan “Coursera” platforması ilə əməkdaşlığa başlayıb.

Trend xəbər verir ki, bunu bu gün Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində etdiyi çıxışda bildirib.

O qeyd edib ki, bu tərəfdaşlıq nəticəsində 100 mindən çox Azərbaycan vətəndaşı 8 mindən çox onlayn kursa ödənişsiz çıxış əldə edəcək.

Fariz Cəfərov vurğulayıb ki, yeni texnologiyaların tətbiqi milyonlarla yeni iş yerlərinin yaradılmasına səbəb olsa da, eyni zamanda 92 milyon iş yerinin ixtisarına gətirib çıxaracaq. Buna görə də ölkə vətəndaşlarının bazar dəyişikliklərinə uyğunlaşa bilməsi üçün onları lazımi bacarıqlarla təmin etmək vacibdir. Bu kontekstdə “Coursera” ilə layihə vətəndaşların təhsil alması və ixtisasını artırması üçün mühüm addım olacaq.

“Rəqəmsal təşəbbüslər çərçivəsində dövlət Azərbaycan dilində böyük dil modellərinin yaradılması üzərində fəal iş aparır. Bu, ölkənin rəqəmsal suverenliyinin gücləndirilməsi istiqamətində əhəmiyyətli bir addım olacaq,”- deyə o bildirib.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının "rəqəmsal oxşarlar" əsasında müxtəlif sahələrdə, məsələn, kənd təsərrüfatı və təhsil sektorunda tətbiqi planlaşdırma və infrastrukturun inkişafı məsələlərinin operativ həllinə imkan verəcək.

"Bu cür layihələr sahibkarlar, hökumət qurumları və vətəndaşlar üçün prosesləri sürətləndirməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək,"- deyə Fariz Cəfərov əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti