Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan üzərindən dəniz nəqliyyatı vasitələri ilə 438,4 milyon ABŞ dolları dəyərində 440,6 min ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 185,5 milyon ABŞ dolları və ya 73,3%, həcm ifadəsində isə 154,1 min ton və ya 53,8% çoxdur.
Belə ki, hesabat dövründə sözügedən nəqliyyat vasitələri ilə Azərbaycana 431 milyon ABŞ dolları dəyərində 420,3 min ton yük idxal olunub. Bu isə 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər baxımından 205,2 milyon ABŞ dolları və ya 90,9%, həcm baxımından isə 143 min ton və ya 51,5% artım deməkdir.
Eyni zamanda cari ilin yanvar-fevral aylarında dəniz nəqliyyatı vasitələri ilə Azərbaycandan 7,3 milyon ABŞ dolları dəyərində 20,3 min ton yük ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,8 milyon ABŞ dolları və ya 72,9% az, həcm ifadəsində isə 11,1 min ton və ya 2,2 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında müxtəlif daşınma vasitələri ilə ümumilikdə 8,9 milyard ABŞ dolları dəyərində 10,6 milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,7 milyard ABŞ dolları və ya 23,2%, həcm baxımından isə 678,7 min ton və ya 6,8% çoxdur.