Bakı. Trend:
Avropa İttifaqı zəruri xammal və materiallar üzrə Mərkəzi Asiya ölkələri ilə birgə Niyyət Bəyannaməsi imzalayacaq.
Trend xəbər verir ki, bu haqda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Səmərqənd səfəri zamanı “Avropa İttifaqı- Mərkəzi Asiya” sammitində etdiyi çıxışda danışıb.
Fon der Lyayen bundan əvvəl Qazaxıstanla və Özbəkistanla zəruri materiallarla bağlı əməkdaşlıq haqqında memorandumların imzalandığını xatırladıb.
“Bu gün biz zərur xammal və materiallar üzrə birgə Niyyət Bəyannaməsi imzalamaqla, bu əməkdaşlığı yeni səviyyəyə qaldırmış olacağıq. BU bütün region üzrə iri özəl investisiya axınlarını təmin edəcək. Bu tərəfdaşlıq həm Avropa, həm də Mərkəzi Asiya üçün faydalı olacaq, çünki sizin strateji muxtariyyətiniz bizim strateji maraqlara uyğundur”, - deyə o qeyd edib.
“Sizin ölkələr təbii resurslarla zəngindir. Dünyada olan manqan ehtiyatının 40%-i sizin regionda yerləşir, bundan başqa, sizdə külli miqdarda litium,qrafit və digər mineral ehtiyatları var. Bu minerallar gələcəkdə dünya iqtisadiyyatının “qanı” olacaq. Bundan başqa onlar qlobal oyunçuları cəlb edirlər”, -deyə fon der Lyayen vurğulayıb.
Onun sözlərinə görə, Avropa təkcə xammal əldə etməyə can atmır, həm də onunla yerli sənayenin inkişafına nail olmağa çalışır.
“Avropa bu məsələyə fərqli yanaşır. Biz sizin yerli sənayenizin inkişafında tərəfdaşınız olmaq istəyirik. Əlavə dəyərin bölgədə qalmasını təmin etmək üçün səyləri artırmaq vacibdir”, – deyə o əlavə edib.
Fon der Lyayen Avropa şirkətlərinin artıq regiona aktiv şəkildə sərmayə yatırdığını vurğulayıb. Bunun bariz nümunələrindən biri kimi, Özbəkistanda həyata keçirilən Almalıq Dağ-Mədən Kombinatı layihəsini göstərib. Bu layihəyə 1,6 milyard avro sərmayə qoyulub. “Layihə təkcə mis hasilatı üçün deyil, həm də mineralların yerində emalı üçün nəzərdə tutulub. Bu isə məşğulluq və əlavə dəyər yaradır”, – deyə o bildirib.
Avropa Komissiyasının sədri əmin olduğunu bildirib ki, birgə səylərlə yerli sənayeni dəyər zəncirinin bütün mərhələlərində — Dağ-mədən sənayesindən sahəsindən tutmuş emal sektoruna qədər — inkişaf etdirmək mümkündür.
“Biz yeni laboratoriyalar aça, işçiləri yerində öyrədə bilərik. Uzunmüddətli və vətəndaşlarımıza, onların övladlarına fayda gətirəcək tərəfdaşlıqlar qurmaq istəyirik, bu isə etibarlı gələcək deməkdir”, – deyə o vurğulayıb.