Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 137,2 min ton karbamid istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, karbamid istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 min ton və ya 17,8% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda 167 min ton karbamid istehsal olunub.
Cari ilin aprelin birinə ölkədə hazır karbamid ehtiyatının miqdarı 28,1 min ton olub.
Qeyd edək ki, hesabat dövründə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 554,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 43,3%, kimya sənayesi məhsullarının istehsalı 1,9% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 1,8% azalıb.
Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 38,1%, polietilen istehsalı 0,5% artıb, etilen istehsalı 2,3%, propen (propilen) istehsalı 10,4%, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 3%, polietilendən kisə və çantalar istehsalı isə 38,6% azalıb.